Nazirlər Kabineti təhsildə xüsusi nailiyyətlərə görə veriləcək qızıl və gümüş medalların təsvirini təsdiq edib. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, Baş nazir Artur Rasizadənin imzaladığı 2011-ci il 14 aprel tarixli 53 nömrəli qərara əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanacaq.
Medalların üz tərəfində Azərbaycanın gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunacaq. Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində "Təhsildə xüsusi nailiyyətlərə görə" sözləri həkk ediləcək.
Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunacaq.
Bürünc metaldan hazırlanmış medalların səthinə qızıl və gümüş suyu çəkiləcək və qırmızı rəngli plastik qutulara qablaşdırılacaq.
Qeyd edək ki, Təhsil Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidir. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB