Prezident Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astara qaz-kompressor stansiyasının açılışında iştirak edib.
SİA-nın xəbərinə görə, stansiyanın kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Astara rayonundakı qaz-kompressor stansiyasının tikinti işləri uğurla başa çatdırılmış və Dövlət Komissiyası tərəfindən istismara qəbul edilib. Stansiyada müasir avtomat sistemlər və avadanlıqdan istifadə etməklə giriş qazının təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həcminin ölçülməsi və qazın magistral kəmərə vurulması üzrə bütün zəruri işlər görülüb.
Dövlətimizin başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış oldu və müəssisəni işə saldı.
Bildirildi ki, mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilib. Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulub. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə 6 "10 QKNAM" markalı qaz mühərrikli kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılıb. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünun 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.
Qeyd edildi ki, tikinti işləri ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilmişdir. Stansiyada 108 nəfər daimi işlə təmin olunub.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, stansiya ərazisində tikilən inzibati binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmış, otaqlar müasir avadanlıqla təchiz olunub.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, stansiyanın kollektivinə uğurlar arzuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB