"Xalq və Prezident həmrəyliyi, səhiyyəçilərimizin qazanacağı uğurun xəbərçisidir" AÇIQLAMA - ÖZƏL

"Bildiyiniz kimi dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri planlı şəkildə davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün hadisəyə nəzarət etməklə yanaşı, qurumlar arasında koordinasiyanı təşkil edərək cəmiyyətin bu məsələdən ən az zərərlə çıxması üçün əlindən gələn bütün imkanları səfərbər edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, ötən gün cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün bu günə qədər ayrılan vəsaitdən əlavə olaraq 97 milyon manatın İcbari Tibbi Sığorta Agentliyinə köçürülməsi daha bir təqdirəlayiq, humanist addımdır.

R.Mahmudov söyləyib ki, bu həm də ölkəmizdə Prezidentin rəhbərliyi ilə operativ qərarqahın davamlı və planlı formada həm iqtisadi, həm tibbi, həm də hər bir vətəndaşın sağlamlığının qorunması və təhlükəsizliyinin təminatı üçün mühüm addımların atıldığını bir daha sübut etmiş oldu: “Dövlət başçısı hər zaman olduğu kimi pandemiyaya qarşı mübarizədə də gözdən qaçan, ehtiyac olan məsələrə çox sürətli və çevik şəkildə reaksiya göstərərək bu prosesin ən az itki ilə aradan qaldırılması üçün bütün gücünü sərf edir. Bu baxımdan atılan addımları yüksək qiymətləndirirəm. Millət vəkili səhiyyə işçisi olaraq hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla xalq və dövlət həmrəyliyi nəticəsində Azərbaycan dövləti tezliklə bu tibbi problemlə mübarizədə uğur qazanacaq”.
Azərbaycan səhiyyəçilərinin də dünya səhiyyə təşkilatının çağırışlarına adekvat fəaliyyət göstərdiyini deyən deputat vurğulayıb ki, bütün görülən işlər nəticəsində qısa zamanda xoş xəbərlərin eşidilməsinə nail olacağıq: “İnanıram ki, tezliklə koronavirusla mübarizə aparmaq və insanların daha rahat şəkildə normal həyata qayıtması üçün yeni imkanlar əldə edəcəyik. Cənab Prezidentin pandemiya ilə bağlı atılan addımlarını isə hər bir Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyinə verilən töhfə kimi qiymətləndiririk”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə