Millət vəkili: “BDU-da neqativ halların aradan qaldırılmasına dair həyata keçirilən tədbirlər nəticəsini verməkdədir”

Millət vəkili: “BDU-da neqativ halların aradan qaldırılmasına dair həyata keçirilən tədbirlər nəticəsini verməkdədir”
Hökumətə Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin mərhələli deyil, eyni vaxtda köçürülməsi təklif edilib. SİA-nın məlumatına görə, bu sözləri BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərə verdiyi açıqlamasında deyib. Bununla bağlı dövlət başçısına müraciət edildiyini deyən millət vəkili bildirib ki, qarşıdan BDU-nun 100 illik yubileyi gəlir: "Bəzən yubileyə bir il qalmış sərəncam verilir. Biz işə indidən başlamağı təklif etmişik".
Bundan əlavə A. Məhərrəmov söyləyib ki, onlar həmçinin BDU üçün yeni yataqxanaların tikintisi, mövcud yataqxanaların yenidən qurulması, texnoparkın yaradılması təklifləri ilə çıxış ediblər.
"Bu məsələlərin hamısı BDU-nun hökumətə təqdim etdiyi tədbirlər planında əksini tapıb: "Hesab edirəm ki, Azərbaycanın ilk təhsil ocağı olan BDU-nun 100 illik yubileyinə hazırlıq işləri aparılmalıdır. Çünki hər yerdən qonaqlar tökülüb gələcəklər. Qonaqların o yataqxanaları görmələri bizim üçün uyğun deyil".
Açıqlaması zamanı universitetdə neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərlə bağlı sualı cavablandıran rektor bildirib ki, BDU-da neqativ halların aradan qaldırılmasına dair həyata keçirilən tədbirlər nəticəsini verməkdədir.
Onun sözlərinə görə, həftənin əvvəlində hüquq fakültəsi tələbələrinin əksəriyyəti imtahandan aşağı qiymət və ya 2 alıb, rektorluq tərəfindən testlər yoxlandıqda bəzi nöqsanlar üzə çıxıb: "Birinci kurs tələbələri üçün sadə testlər keçirilməsi ilə bağlı göstəriş versəm də yoxlama zamanı test suallarının orta səviyyədən yuxarı olduğunu müəyyən olundu. Həmin müəllimlər cəzalandırıldılar. Testləri təqdim edən "Məntiq" və "Azərbaycan dövlət hüquq tarixi" fənnini tədris edən müəllimlərin müqavilələrə xitam veriləcək. Bundan əlavə qiyabi şöbədə və ikinci ali təhsildə də müəyyən məqamlar var ki, məni narahat edir. Ötən bir neçə ay ərzində hüquq fakültəsində bir kafedra müdirinin işdən çıxarılıb, bir kafedra müdirinə xəbərdarlıq verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə