"Vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik daha sıx olmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Koronovirus pandemiyası (COVİD-19) dünyada artıq yarım milyon insanın bu xəstəliyə düçar olmasına, on minlərlə insanın həyatını itirməsinə gətirib çıxarıb. Təəssüflər olsun ki, hələ də yoluxma və ölüm sayı artmaqdadır. Demək olar ki, dünyada elə bir ölkə yoxdur ki, bu pandemiya həmin ölkələrə toxunmasın. Azərbaycandan da bu pandemiya yan keçməyib. Təəssüflər olsun ki, ölkəmizdə də yüzlərlə insan bu virusa yoluxub. Artıq 9 nəfər öz həyatını itirib. Düzdür, Azərbaycan dövləti əlindən gələni edir və 50 mindən çox insan testdən keçirilib". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

İdarə rəisinin sözlərinə görə, vaxtında atılmış addımlar, qəbul olunmuş qərarlar, bugünkü gündə xüsusi rejimin tətbiqi məhz ona yönəlib ki, ölkəmizdə bu pandemiya geniş yayılmasın və qarşısı alınsın: "Bu Ümumdünya Səhiyyə Təşkilatı və bu mübarizənin qarşısının alınması üçün effektli addımların atılması dünya təcrübəsindən irəli gələn qabaqlayıcı tədbirlərdir. Amma dövlətin qəbul etdiyi tədbirlərin, tövsiyyələrin və bunların hamısının effekti cəmiyyətdəki vətəndaşın bunlara riayət etməsi halında daha güclü və nəticəli olur. Bugünlərdə ölkəmizdə vətəndaş həmrəyliyi, fərdi münasibət, şəxsən hər bir şəxsin özünə qarşı tələbatı və cəmiyyətdən irəli gələn çağırışın icratı pandemiyanın geniş yayılmaması üçün çox vacib və önəmlidir.

Müxtəlif elmi açıqlamalarda görünən odur ki, pandemiya xəstəliyinə düçar olmuş şəxslərin sağlamlıqlarına çox ciddi təsir və sonrakı dövrdə müəyyən mənfi fəsadlar törədə bilər. Məhz bunun üçün də cəmiyyət bu məsələdə çox həssas olmalıdır. Bugünkü gündə vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik daha da sıx olmalıdır. Bu gün alimlərimizin, ictimai-siyasi xadimlərimizin, idman, səhiyyə, mədəniyyət, təhsil sahəsində tanınmış şəxslərin cəmiyyətə çağırışları, hazırlanan sosial çarxlar, televiziya vasitəsilə gündəlik maarifləndirmə, səhiyyə işçilərimizin, hüquq-mühafizə orqanlarımızın bununla bağlı zaman-zaman çox operativ müxtəlif çağırışları, tövsiyyələri öz effektini verəcək. Hamımıza sağlamlıq arzu edirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə