"Çirkli kampaniyanın iflasa uğradığı göz qabağındadır” ÖZƏL-AÇIQLAMA

“Azərbaycan dövlətinin heç bir hərbi-siyasi bloka qoşulmaması, ölkə Prezidenti İlham Əliyevin siyasətinin yalnız və yalnız milli maraqlarımıza xidmət etməsi dünyadakı bir sıra siyasi çevrələrin və mərkəzlərin ürəyincə deyil. Bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. Elə bu səbəbdən də onlar çalışırlar ki, bizim işlərimizə maneələr yaratsınlar, inkişafımıza əngəl törətsinlər, bizi zəiflətsinlər, özlərindən asılı vəziyyətə salsınlar”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu gün dünyanın bütün aparıcı dövlətlərində, bir çox beynəlxalq təşkilatların dəhlizlərində kök salmış anti-azərbaycan şəbəkəsi mövcuddur: “Həmin çevrələrin işində erməni diasporunun və lobbisinin də rolu çoxdur. Bizi qarabaqara izləyən, fürsət düşdükcə ölkəmizə pislik etmək istəyən bu çirkin və məkrli şəbəkə bütün bəşəriyyət üçün indiki son dərəcədə gərgin dönəmdə -koronovirusun dünyada fəlakət halı yaratdığı bir vaxtda da öz çirkin əməllərindən əl çəkmir. Onların maliyyə dəstəyi ilə yaradılmış və dünyanın müxtəlif ölkələrindən "Yotube", "Facebook" və s. kimi sosial şəbəkələrdə yayınlanan çoxsaylı oyuncaq televiziyalar vasitəsilə ölkəmizdə xaos, çaxnaşma, kütləvi psixoz yaratmağa cəhd edirlər. Həmin televiziyaların daimi müsahibləri və şərhçiləri, daha doğrusu şərçiləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Qubad İbadoğlu və başqa radikal müxalifətçilər yorulmadan gecə-gündüz ağızlarına gələni danışır, insanlarda acizlik, ümidsizlik yaratmağa çalışırlar.

Mən bu siyasətbazlara bir sual verim: Əgər ölkəmizdəki durum sizlərin dediyi kimidirsə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə atdığı çevik addımlara, ələ aldığı qabaqlayıcı, səmərəli tədbirlərə görə Azərbaycan rəhbərliyinə xüsusi təşəkkür edərdimi?

Hər bir vətəndaşımız çox gözəl bilir ki, əhalinin həyat və sağlamlığının qorunmasında, bu təhlükəli infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin təşkilində, karantinə alınmış minlərlə insanımızın bütün ehtiyaclarının təmənnasız ödənilməsində dövlətimiz mümkün olan hər şeyi edir. Səhiyyəmizin imkanları günbəgün genişləndirilir. Yeni böyük 560 yerlik müasir klinikanın bu məqsədlər üçün istifadəyə verilməsi, çox qısa zamanda maska və digər qoruyucu vasitələr istehsal edən müəssisənin işə salınması, hər biri 200 yerlik olan daha 6 modul tipli xəstəxananın tikintisinə qərar verilməsi, mövcud zavodlarımızda əhalinin dezinfeksiya spirtinə ehtiyacının ödənilməsinin təmin edilməsi bunun sübutudur. Hər kəs yaxşı bilir ki, məhz ölkə rəhbərliyinin vaxtında atdığı addımlar Azərbaycanı İtaliyanın, Fransanın, İranın, İspaniyanın, ABŞ-ın vəziyyətinə düşməkdən xilas etdi.

Mən, bir siyasətçi kimi bütün dünyada dövlət rəhbərlərinin koronavirusla mübarizədə fəaliyyətini izləyirəm. Ədalət naminə demək istəyirəm ki, Prezidentimiz İlham Əliyevin, 1-ci Vitse Prezidentimiz Mehriban xanım Əliyevanın bu günlərdə, bu ekstremal vəziyyətdə göstərdikləri fəaliyyətlər əsl fədakarlıqdır. Dövlətimizin bu ağır günlərdə vətəndaşlarımıza, işləyən insanlara, sahibkarlara dəyən ziyanın yüngülləşdirilməsində, iqtisadi subyektlərin itkilərinin minimallaşdırılmasında, aztəminatlı ailələrin, işsizlərin maddi ehtiyaclarının qarşılanmasında atdığı addımlar da çox önəmli tədbirlər sırasındadır. Bir sözlə, antiazərbaycan şəbəkəsinin bizə, ölkəmizə qarşı apardığı növbəti çirkli kampaniyanın da iflasa uğradığı göz qabağındadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə