“Milli Şura”nın aşkar həyasızlığının qaynağı nədir? TƏRS BAXIŞ

Və ya onların bulaşdıqları virus siyasi ölümlərini daha da sürətləndirir

“Milli Şura”nın hay-küyçü “liderlərinin” zaman-zaman yalnız öz şəxsi mənfəətlərinə hesablanmış fikir və ifadələri heç bir məntiqə sığmayıb və söz yox ki, belə addımlar onları daxillərindəki xainlik sindromlarını daha çox aşkara çıxarmış olur. Xüsusilə, belə bir dövrdə - dövlətin koronavirusla mübarizədə bir sıra və ardıcıl, önəmli addımlar atması faktı ətrafında düşərgə təmsilçilərinin var-gəlləri heç bir məntiqə sığmır. O cümlədən, xalqımızın həmrəyliyinə, bir-birinə dəstəyinə belə qısqanclıqla yanaşan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid çetesi, yaxud siyasi bandası və onların xaricdəki havadarları sadəcə və sadəcə erməni dəyirmanına su tökmələ məşğuldurlar. Xüsusilə, “Milli Şura”nın Azərbaycan hakimiyyətini koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə etməsi ətrafındakı sərsəm iddiaları ümumiyyətlə, ictimai rəydə onlara qarşı istehza yaradıb.

Siyasi banda təmsilçiləri hazırkı məqamda qazanc mənbələri erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən xarici təşkilatlarının ciblərində axtarırlar

Bu fakt isə əslində sübut edir ki, Prezident İlham Əliyev hələ Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik edərkən, özünü radikal müxalifət adlandıran bu xainlər çetesinin fəaliyyəti ilə bağlı proqnozlarında tam haqlı olub, onların iç üzünü ifşa edib. Söz yox ki, bu məsələdə onların bir sıra xarici təşkilatlardan sifariş alaraq, onlara nökərçilik etmələri faktı da mövcuddur. Daha dəqiq desək, Azərbaycandakı "beşinci kolon" həmin sifarişlərini bənzər “bəyanatları” ilə icra etməkdədirlər. Əbəs deyil ki, ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamından sonra da, yəni 65 yaş və üzərində olan məhbusların azadlığa buraxılmaları kimi humanizm addımının ardınca da, həmin ünsürlər bar-bar bağıraraq, özlərinə sərf edən qara-qışqırıqlarını ətrafa yaymağa cəhdlər göstərdilər. Yəqin ki, 5-10 avroya və dollara görə hər şeylərini satmağa hazır olan bu siyasi banda təmsilçiləri hazırkı məqamda qazanc mənbələri erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən xarici təşkilatlarının ciblərində axtarırlar.

Lakin əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, “beşinci kolon” təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə heç vaxt imkan verməyib, bundan sonra da verməyəcək. Necə ki, "Milli şura" çetesinin bu addımları da bir daha belə bir çətin dövrdə radikal ünsürlərin Azərbaycan xalqı ilə ayrı düşüncədə olmasından xəbər verir. Belə düşüncə isə, daha betər virus hesab edilə bilər. Həmin viruslu düşüncələr isə onların siyasi ölümlərini daha da süərtləndirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...