Əli Əsədov Milli Məclisə videohesabat verəcək AÇIQLAMA

"Xəbər verdiyimiz kimi Milli Məclisin növbəti plenar iclası sabah – aprelin 9-da keçiriləcək, iclasın gündəliyinə altı məsələ təklif olunub. Gündəliyin birinci məsələsi - E.S. Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqındadır. Gündəliyin ikinci məsələsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədədir". Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir: "Bu məsələ ilə bağlı bildirmək istəyirik ki, karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda video hesabatı dinləniləcək. Video hesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər imumləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək".

Mətbuat xidmətinin rəhbəri söyləyib ki, iclasın gündəliyinə təklif olunan digər dörd məsələ isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar qanun layihələridir ki, onlar da ikinci oxunuşda müzakirə ediləcək.

A.Təvəkküloğlu qeyd edib ki, yaşı 65 və ondan yuxarı olan deputatlara isə xahiş olunacaq ki, karantin rejiminin qaydalarına əməl etsinlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə