"Bizim arxamızda güclü dövlət dayanır” ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, pandemiya fəlakəti başlayandan bəri bu fəlakətin nəticələrinin ölkəmizə təsirinin çox az olması üçün, bizim az itki, ziyanla bu problemdən qurtulmağımız, xilas olmağımız üçün dövlətimiz müvafiq tədbirlər görür. Bunlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etməsi oldu". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva deyib.

"Bundan öncə isə Bakıda yeni klinikanın açılışı oldu. Bu iki müəssisənin hər ikisi bildiyiniz kimi hələ aylar sonra istifadəyə verilməli idi və hətta deyərdim ki, bəlkə də profili də fərqli olmalı idi. Amma bu təcili vəziyyəti nəzərə alan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox qısa bir zamanda hər iki müəssisə işlək vəziyyətə gətirildi. Hər iki hadisə özlüyündə dövlətin hətta forsmajor vəziyyətlərdə belə hər an vətəndaşını düşündüyünü və vətəndaşının yanında olduğunu, vətəndaşının sağlamlığının, təhlükəsizliyinin bir qarantı olduğunu göstərdi, eyni zamanda dövlətin iqtisadi gücünü ortaya qoydu. Yəni iqtisadi imkanlar, iqtisadi güc bizə çox qısa bir zamanda bu iki müəssisəni açmağa imkan verə bildi. Əlbəttə ki, bu da düşünülmüş siyasətin, ölkə rəhbərinin bütün zamanlarda, dövrlərdə atdığı düzgün addımların nəticəsidir. Unutmayaq ki, bundan 10 il əvvəl dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan ötdü. Bu yenə də Azərbaycan dövlətinin gücü, qüdrəti sayəsində oldu. Biz bu pandemiya ilə mübarizədə də əminik ki, yenə də qalib gələcəyik. Arzu edirik ki, bütün dünya ölkələri, həmçinin Azərbaycan bu bəladan, problemdən mümkün olduqca az itki ilə qurtula bilsin. Əminik ki, belə də olacaq. Çünki bizim arxamızda güclü dövlət dayanır”-deyə, millət vəkili fikirlərini tamamlayıb.#EvdəQal, #BizBirlikdəGüclüyük

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə