"Beynəlxalq ictimaiyyət Azərbaycan ərazi bütövlüyünə dəstəyini ifadə edib" ÖZƏL-ŞƏRH

"Martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilmiş və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilib. Dünyanın əksər ölkələrinin və beynəlxalq təşkilatların bəyanatlarında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. Bununla da, beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan ərazi bütövlüyünə dəstəyini ifadə edib". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, bu, bir daha beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu və Ermənistanın işğalçı dövlət olduğununun göstəcisidir: "Koronavirusla bağlı dünyanın hər bir nöqtəsində tuğyan edən fövqəladə hal fonunda Paşinyanın işğal altındakı torpaqlarda seçkilər keçirməsi erməni mental obrazının əsl ifadəsi kimi dəyərləndirilməlidir.

Dünyada koronavirus pandemiyası ilə əlaqədar olaraq seçkilər, referendumlar, kütləvi tədbirlər təxirə salınıb. Lakin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondar rejimdə "parlament və prezident seçkiləri” keçirildi. Martın 31-də keçirilən "seçki” ilə bağlı olaraq, Paşinyan bəyan edib ki, qondarma rejimdə heç bir koronavirus təhlükəsi yoxdur. Lakin faktlar əksini göstərir. Bu gün, Ermənistanda koronavirusa yoluxanların sayı 900 –ə yaxınlaşıb. Mövcud təhlükənin aradan qaldırılması ilə bağlı Ermənistan rəsmiləri maliyyə yardımı üçün müxtəlif dövlətlərə müraciət edib. Hətta hərbi rəhbərlik gizlətsə də, Ermənistan ordusunda virusun yayılması xəbəri də var.

Paşinyan koronavirus təhlükəsinin olmasına baxmayaraq, qondarma "Dağlıq Qarabağ” rejimində "seçki”lərin keçirilməsində maraqlıdır: "Halbuki, dünyanın bir çox ölkəsində seçkilər, o cümlədən Rusiyada keçirilməsi nəzərdə tutulan referendum təxirə salınıb. Görünən odur ki, Ermənistanda obrazlı desək “Qarabağ klanı” ilə daxili qarşıdurmada qalib çıxmaq üçün Nikol Paşinyan fürsətdən istifadə edərək tez bir zamanda öz adamını separatçı rejimin başına gətirmək istəyir. Onsuzda bu "seçki”nin nəticəsi bəllidir. Paşinyan uzun müddətdir "Qarabağ klanı” ilə mübarizə aparır və indi ən böyük intriqa qondarma rejimin "rəhbərliyinə” Paşinyanın, yoxsa Koçaryanın adamının gətirilməsi ilə bağlıdır. İnternetdə yayılan video kadrlardan da görünür ki, Paşinyanın tərəfdarları qondarma rejimdəki erməniləri məhz onun namizədinə "səs verməyə” vadar edirlər. Bununla bağlı sadə ermənilərin də video müraciətləri var.

Bununla da, Ermənistanın baş naziri Dağlıq Qarabağdakı separatçıların indiki lideri Bako Saakyandan yaxa qurtarmaq niyyətindədir. Beləliklə, 2008 ci il 1 mart hadisələrində fəal rol oynayan, bugünə qədər Sarkissyan və Koçaryanın sözündən çıxmayan Bako Saakyan Nikol tərəfindən faktiki olaraq Qarabağdan qovulmaq astanasındadır. Xatırlatmaq yerinə düşər ki, Sarkisyanın göstərişi ilə Bako Saakyan 2017 -ci ildə Qarabağda referendum keçirmiş, qondarma respublikanı “parlamentli respublikadan” “prezidentli respublikaya” keçirərək hakimiyyətini uzatmaq niyyətini güdürdü.

Bütün bunlar onu deməyə əsas verir ki, dünyanın diqqət mərkəzinin koronavirusa yönəldiyi bir vaxtda, ermənilər Cənubi Qafqazda yenə də öz niyyətlərinə çatmaq üçün çirkin oyunlarından çəkmirlər. Lakin, vaxt Ermənistanın əleyhinə işləyir. Azərbaycanın müstəqillik illərində apardığı rasional və düşünülmüş xarici siyasət nəticəsində Dağlıq Qarabağdakı separatçılar heç bir beynəlxalq subyekt tərəfindən tanınmır. Belə ki, “seçkilər”ə münasibətlə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla ermənilərə deyilmiş oldu kı, Qarabağ Azərbaycandır. Ya, bu faktı qəbul edəcəksiz, ya da qəbul etdiriləcəksiz.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə