Göyçay müxalifətçilərindən də radikal müxalifətə etiraz

Göyçay müxalifətçilərindən də radikal müxalifətə etiraz

İctimai Palataya daxil olan müxalifət partiyalarının 2 aprel aksiyasından sonra bu partiyalarda başlayan istefalar davam edir. SİA-nın məlumatına görə, Müsavat, AMİP və AXCP-nin Göyçay rayon təşkilatında növbəti istefalar reallaşıb.

 

AMİP Göyçay rayon təşkilatının üzvü İsmayıl Abuzərov verdiyi bəyanatında qeyd edib ki, radikal müxalifətin icazəsiz mitinqlər keçirmək, süni gərginlik yaratmaq üçün göstərdikləri cəhd əvvəlkilər kimi puç olub. O, vurğulayıb ki, cəmiyyətdə qarışıqlıq yaratmağa, milli və dövlət maraqlarına zidd hərəkətlər etməyə cəhd göstərən radikal müxalifətin son aksiyalarını qətiyyətlə pisləyir və etiraz əlaməti olaraq 1993-cü ildən üzvü olduğu AMİP-in sıralarını tərk edir.

 

Müsavat Partiyasının Göyçay rayon təşkilatının bir qrup üzvü də analoji səbəbləri əsas gətirərək istefa verdiklərini bildiriblər. Partiyanın 9 üzvü tərəfindən qəbul olunan bəyanatda qeyd edilib ki, müxalifətin 2 aprel aksiya cəhdi əvvəlcədən süni qarşıdurma yaratmağa hesablanıb. Onlar da Müsavatın sıralarını tərk etdiklərin və Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul olunmaq istəyini bəyan ediblər. AXCP-nin bir qrup üzvü də partiya rəhbərliyinin ölkədə ictimai-siyasi vəziyyətin pozulmasına yönələn fəaliyyətinə etiraz olaraq istefa verdiyini və YAP sıralarını daxil olmaq istəyini bəyan edib.

 

Ümumilikdə Göyçayda müxalifət partiyaların sıralarını 77 nəfər tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə