"Dünyada xəstə sayı yox, ölü sayı, tabut sayı müzakirə olunur" ÖZƏL - AÇIQLAMA

"Amerika kimi nəhəng resurslarını saxlayıb ki, bundan daha böyük fəlakətə hazır olmalıyıq. İngiltərə nə vəziyyətdə, İspaniya nə vəziyyətdə, Almaniya nə vəziyyətdə. Xəstəxanalar yükü qaldıra bilmir, həkim personalı yetərincə deyil". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev Azərbaycanda koronavirusla mübarizə çərçivəsində görülən işlər barəsində danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası hazırda az qala Çindən savayı bütün dünya ölkələrdə pik dövrünü yaşayır və dövlətlər məlum epidemiyanın qarşısında aciz qalıb:

"Kütləvi tələfatlar o qədər çoxalıb ki, artıq say itib, miqyas itib, çərçivə itib və bu vəziyyətdə belə Azərbaycan dövləti, höküməti hamıdan və kər kəsdən fərqli olaraq sabit, soyuqqanlı, məqsədyönlü addımlarını atır. Atmağı bacarır. Dünən məndən müsahibə alan hörmətli jurnalist dostlarımızdan biri sual vermişdi ki, koronavirusla bağlı Azərbaycanda İtaliya ssenarisi təkrarlana bilərmi? Cavabımda demişdim ki, bunu ağlımın ən uc nöqtəsində belə təsvir edə bilmirəm. Siz də etməyin. Çünki Azərbaycan dövləti, onun rəhbəri əlindən gələn hər şeyi edir ki, həmin hal baş verməsin, olmasın. Ümid edirəm, olmayacaq da. Çünki bütün resurslar meydandadır. Bütün imkanlar vətəndaşın qulluğunda və xidmətindədir.

Qonşu dövlətlərdəki vəziyyətdən yəqin hamı xəbərdardır. Əsas da İrandan. Çarəsiz qalıblar. Artıq xəstə sayı yox, ölü sayı, tabut sayı müzakirə olunur, hesablanır. Amerika kimi nəhəng resurslarını saxlayıb ki, bundan daha böyük fəlakətə hazır olmalıyıq. İngiltərə nə vəziyyətdə, İspaniya nə vəziyyətdə, Almaniya nə vəziyyətdə. Xəstəxanalar yükü qaldıra bilmir, həkim personalı yetərincə deyil və ardınca sual vermək istəyirəm: Azərbaycanda bu proseslərin hansısa baş verirmi? İndi anlaşılırmı ki, dövlət, hökümət nələrin bahasına ağır nəticələrin qarşısını almağa çalışır və hələ ki, buna nail olub. Bircə operativlik baxımdan Çini misal gətirmək olar ki, 3 günə xəstəxana tikdilər. Düşünün, onlar az qala 2 milyarda yaxındır, biz isə 10 milyon və bir də nəzər yetirin ki, 10 milyon əhalisi olan dövlət qısa müddətdə hansı addımları atıb. Tikintisinin yekunlaşması hələ çox-çox daha sonraya planlanan böyük bir xəstəxana tez bir zamanda hazır vəziyyətə gətirilərək xəstələrin sərəncamına verilib. Yaxın 20 gün ərzində onlarla müasir tibbi labaratoriya qurulub. Sosial paket layihəsinə milyardlarla maliyyə ayırılıb. Hətta qeyri-tibb obyektləri belə karantin səbəbi ilə soydaşlarımızın sərəncamına verilib. Dünən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsal edən müəssisənin açılışı oldu. Bütün bunları ən qısa zaman kəsiyində hansı ölkə edib və ya edə bilər?".

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev dünən məhz həmin maska müəssisəsinin açılışında Azərbaycan xalqına növbəti müraciətini etdi və o müraciətdə bütün detallar, mesajlar açıq idi:

"Dövlət başçımızın dilindən səslənən hər cümlə ən xırda təfsilatına qədər aydın idi. Həmin çıxışın bütün tezislərindən, məramından, istiqamətindən bir daha aydın oldu ki, bizlər güvəndəyik. Bütün lazımlı addımlar atılır. Həm də ən yüksək səviyyədə və böyük sürətlə atılır.

Görülən işlər ortadadır. Dövlət öz vətəndaşının arxasında dağ kimi dayanıb. Amma bu dövlətin gücünə, görülən işlərə biz vətəndaşlar da fərdi məsuliyyətimizlə dəstək verməliyik. Prosesə bizim də ideyalarımız, fikirlərimiz, təşəbbüslərimiz yaxşı mənada rəng qatmalıdır. İnanın ki, bunu bacarsaq, tamlıqla həmrəy ola bilsək, məlum pandemiya kabusuna qarşı arzulanan səfərbərliyi reallaşdırsaq nəinki koronavirus, onun yüz qatı belə bizləri yıprada və məğlub edə bilməyəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...