Ermənilərin azyaşlı uşağı qətlə yetirməsi və Xankəndidə hava limanın tikməsi AŞ PA-nın sessiyasında gündəmə gətirilib

Ermənilərin azyaşlı uşağı qətlə yetirməsi və Xankəndidə hava limanın tikməsi AŞ PA-nın sessiyasında gündəmə gətirilib

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işini davam etdirir. Sessiya çərçivəsində müxtəlif məsələlər haqqında dinləmələr olub. "Avropada kəndli qadınlar" mövzusunda keçirilən dinləmələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova ölkəmizdə həyatı keçirilən gender siyasəti, Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəallığının artırılması yönündə dövlətin həyata keçirdiyi işlər barədə məlumat verib: "Amma bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycanda kəndli qadınların böyük əksəriyyəti Ermənistanla və bu dövlət tərəfindən işğal olunmuş ərazilərimizlə sərhəddə yaşayır. Onların nə qədər çətin şəraitdə yaşamalarını izah etmək çətindir. Müharibənin yaratdığı humanitar, sosial problemlərlə yanaşı, qadınlarımız hər gün erməni snayperlərinin və digər silahlardan açılan atəşlərin yaratdığı təhlükələrlə, ölüm qorxusu ilə yaşayırlar. Bir müddət öncə azərbaycanlı 9 yaşlı uşaq Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi bu faktı bir daha təsdiq edir. Çox ağır faktdır ki, Avropa Şurasına üzv olan dövlətlər sırasında Azərbaycan başqa bir üzv dövlət tərəfindən işğala məruz qalmış, tarixi və hüquqi ərazilərinin 20 faizi işğal altında olan yeganə dövlətdir. Bu işğal siyasəti nəticəsində 540 mindən artıq qadın öz doğma yurd - yuvalarından didərgin düşüb və hazırda onlar qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar. Ermənistan bütün beynəlxalq konvesiyaları, dünyanın mühüm beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrı heçə sayır, dünya ilə hesablaşmaq istəmir, işğal siyasətini davam etdirir. Təbii ki, bu yalnız Azərbaycanın problemi deyil. Eyni zamanda, bütün region üçün, Avropa üçün böyük humanitar faciədir və onun fəsadlarının aradan qaldırılması hər birimizin borcudur"-deyə Sahibə Qafarova vurğulayıb.

Plenar iclasında isveçrəli deputat F. Con-Kalamenin hazırladığı "Avropanın kənd yerlərində qadınların vəziyyəti" adlı hesabat ətrafında müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın apardığı işğal siyasəti nəticəsində azərbaycanlı qadın qaçqın və köçkünlərin üzləşdiyi ağır həyat şərtlərindən danışıb. R. Hüseynov assambleyanın qadın deputatlarına müraciət edərək onları bu məsələdə həmrəylik və qətiyyət göstərməyə çağırıb.

R. Hüseynov bildirib ki, 20 ildir Azərbaycanın erməni işğalına uğramış on minlərlə kvadratmetr məhsuldar torpaqları insansızdır. Bu da Ermənistanın daha bir cinayətidir. Ermənistanın zəbt etdiyi torpaqları səmərəli istifadə etmək üçün nə səriştəsi, nə də kifayət qədər insan potensialı var: "Ermənistan əhalisinin üçdə ikisi ölkəni tərk edib. İşğal altındakı kənd rayonlarında - Azərbaycan qadınlarının vaxtilə əkib-becərdiyi torpaqlarda isə Ermənistan hər cür beynəlxalq nəzarətdən kənarda qalmasına arxayın olaraq narkotiklər yetişdirir, terrorçuların təlim düşərgələrini yerləşdirir, Ermənistandan və müəyyən məbləğlər qarşılığında digər dövlətlərdən gətirilən nüvə tullantılarını, zəhərli bakerioloji və kimyəvi maddələri basdırır. Avropa kəndlərindəki qadınların həyatı, uğurları, problemləri və istəklərindən bəhs edib bu dərdləri görməməzliyə vurmaq, onların üstündən sükutla keçmək riyakarlıq olardı. Riyakarlıq etməyək".

Eyni zamanda AŞPA-da Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində aeroport tikintisini dayandırmasını tələb edən yazılı bəyanat qəbul olunub. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanatı AŞ PA-nın müxtəlif ölkələrdən olan 20-dən artıq üzvü imzalayıb. Bəyanatda bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, işğal altında olan Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq, aeroport tikintisi həyata keçirir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazisində inşa olunan aeroporta enəcək təyyarənin ilk sərnişinin məhz özünün olacağı ilə bağlı açıqlamaları beynəlxalq hüquqa, Ermənistanın Avropa Şurası qarşında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞPA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport inşa etməsi addımını qətiyyətlə pisləyir və narahatlığını ifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə