""Milli Şura"nın bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır" ÖZƏL-MÜNASİBƏT

"Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır və hazırki pandemiya dövründə ictimai mənafeyə vurulan zərbədir. Elə bir vəziyyət yaranıb ki, ictimai maraqlarımız və ümumi ictimai mənafeyimiz xüsusi rejimin tətbiq edilməsini tələb edir və Azərbaycan dövləti öz vətəndaşları qarşısında məsuliyyətindən irəli gələn bütün vəzifələri tərəddüdsüz olaraq yerinə yetirir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, xüsusi karantin rejiminin tətbiq olunması və sərt qaydaların tətbiq olunması məhz bu çərçivədə qiymətləndirilməli və təqdir edilməlidir: "Azərbaycan ictimaiyyəti də tələbləri və qaydaları elə bu cür də başa düşür və qiymətləndirir. Çünki biz yalnız xüsusi karantin rejiminin tələblərinə tabe olmaqla özümüzü, yaxınlarımızı sevdiklərimizi qoruya bilərik. Ancaq təəssüf ki, bu marginal qrup vacib siyasi qərarları öz korporotiv maraqları naminə manipuliyasiya edərək qeyri-etik siyasi mövqe nümayiş etdirir. Ümummilli təhlükəsizliyimizi təhdid edən epidemiyanı siyasi məqsədlərinə alət etməyə çalışır və bununla da ümumi ictimai mənafeyimizin əleyhinə hərəkət edir. Əlbətdə dövlət tərəfindən, Operativ Qərərgah tərəfindən müəyyənləşdirilən qaydalar qeyd-şərtsiz yerinə yetirilməlidir. Böyük ölçüdə vətəndaşlarımız da bu qərarlara tabe olurlar. Buna tabe olmayanlar isə inzibati qaydada cəzalandırılırlar və cəzalandırılacaqlar da. Çünki nəticə etibarilə söhbət ümumi milli təhlükəsizliyimizdən gedir və bunu düzgün başa düşmək lazımdır. Məhz bu kontekstə kiminsə cəzalandırılmasına siyasi məna vermək heç bir halda və heç bir cəmiyyətdə qəbul edilən hal deyil. Ona görə də belə halları siyasiləşdirmək manipuliyasiyadan başqa bir şey deyil və bunu edənlərin öz əleyhinə işləyən bir faktordur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə