Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonuna gəlib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında, şəhərdə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Masallı şəhərinin mərkəzində ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulub. Ümumi sahəsi 4 hektar olan parkın ərazisində Heydər Əliyev muzeyi inşa edilib, burada ümummilli liderin möhtəşəm abidəsi ucaldılıb, sakinlərin istirahəti üçün gözəl şərait yaradılıb, yeni yaşıllıqlar salınıb, iki böyük fəvvarə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olub.
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlətimizin başçısına məlumat verib ki, 1967-ci ildə salınmış park uzun müddət təmir işləri aparılmadığından acınacaqlı vəziyyətə düşüb, görkəmini itirmişdi. Ümumi sahəsi 4,5 min kvadratmetr olan parkda bu ilin əvvəlindən yenidənqurma və genişləndirmə işlərinə başlanıb.
Bildirilib ki, bərpa işləri ilə əlaqədar parkda böyük Azərbaycan şairi Nizami Gəncəvinin heykəli yenisi ilə əvəz edilib, 4500 kvadratmetr sahəyə tamet plitə döşənib, yeni yaşıllıq zolaqları salınıb, dekorativ ağaclar və kollar əkilib. Burada müasir işıqlandırma sistemi quraşdırılıb və yeni fəvvarə tikilib.
Prezident İlham Əliyevə məlumat verilib ki, parkın ətrafı milli memarlıq üslubunda 280 metr uzunluqda hasarla əhatə olunub. Parkda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə qurulub, rahat skamyalar qoyulub. Parkın ərazisində yerləşən rayon mədəniyyət evinin fasadı yenilənib, İdeoloji Mərkəzdə yenidənqurma işləri aparılıb. Yaxınlıqdakı binaların fasadlarında aparılan təmir işləri tamamlanmaq üzrədir.
Dövlətimizin başçısı rayonda aparılacaq genişmiqyaslı quruculuq-abadlıq işlərini, Masallı şəhərində və kəndlərdə su, kanalizasiya və digər xidmət sahələrinin yaxşılaşdırılması ilə bağlı tədbirləri, istifadə olunacaq texnikanı əks etdirən fotostendlərə baxıb.
Sonra Prezident İlham Əliyev parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin üzərindən ağ örtüyü götürüb.
Bildirilib ki, heykəlin hündürlüyü 3,6 metrdir.
Heykəl kompleksinin arxasında Azərbaycan klassik şeirinin görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərinin motivlərindən ibarət kompozisiya yaradılıb.
Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.
Sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB