"Azərbaycan öz problemlərini özü həll etmək gücündədir" ÖZƏL-ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Aydın Mirzəzadə bunları deyib: "Azərbaycan Prezidenti cənab İlham Əliyev vaxtaşırı olaraq Azərbaycanın bu və ya digər bölgəsində müxtəlif istehsalat sahələrinin açılışında iştirak edib. Onların hər biri Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinin göstəricisidir. Çoxsayda iş yerlərinin açılması və Azərbaycanın müstəqil öz resurslarına söykənən bir iqtisadiyyatının qurulmasıdır. Ancaq bununla belə cənab Prezident özünün də çıxışında bu gün bildirdi ki, tibbi maska istehsalı ilə məşğul olan bir müəssisənin açılışının böyük əhəmiyyəti vardır. Bu gün dünya koronovirus təhlükəsi ilə üzbəüzdədir və bunun həll edilməsi üçün bütün resurslarını ortaya qoyur. Azərbaycan da istisna deyil. Ancaq tibbi maska Azərbaycana bir qayda olaraq kənardan gətirildiyinə görə və son ayda ona olan tələbat yüz dəfələrlə artdığına görə apteklərimizdə tibbi maskaların və dezinfeksiyaedici materialların bir qıtlığı yarandı.

Cənab Prezidentin tapşırığı ilə bu istiqamətdə böyük işlər görüldü. Sahibkarlara yardım Milli Fonduna 3 milyondan çox vəsait ayrıldı, Türkiyədən avadanlıq gətirildi və bu gün artıq tibbi maskanın istehsalına başlanılıb. Gün ərzində 120 min tibbi maskanın istehsalı hesab edirəm ki, çox diqqəti çəkən bir rəqəmdir. İkinci xətt işə düşdükdən sonra isə gün ərzində 250 min tibbi maska istehsal olunacaq. Gündəlik tələbat təqribən 150-200 min arasıdır. Bunun özü göstərir ki, Azərbaycan bu problemi də öz gücü hesabına həll edəcək. Cənab Prezidentin Azərbaycan üçün əhəmiyyətli olan məsələləri diqqətdə saxlaması, onun həlli üçün böyük dəstək verməsi onu göstərir ki, Azərbaycan həm qeyri-neft sektorunun inkişafına, həm də yeni iş yerlərinin açılması məsələsini böyük diqqətdə saxlayır. Eyni zamanda dövlət başçısı tibbi maska müəssisəsinin açılışındakı çıxışında bildirdi ki, bu gün koronovirus təhlükəsi bir sıra iş yerlərinin bağlanmasına və insanların müəyyən problemlərinin yaranmasına səbəb olur. Amma dövlət tərəfindən ilkin olaraq 1 milyard manat ayrılması, Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 milyon manatdan çox könüllü ianələrin keçirilməsi onu göstərir ki, bu problemi Azərbaycan vətəndaşı özü çəkməyəcək. Azərbaycan dövləti vətəndaşının yanındadır. Bu məsələnin həlli üçün sahibkarlığa dəstək olunacaq, Ali məktəblərin ödənişli sektorunda təhsil alan tələbələrin təhsil haqları diqqətdə olacaq və digər addımların atılması gözlənilir.

Bugünkü müəssisənin açılışı onu göstərdi ki, Azərbaycan öz problemlərini özü həll etmək gücündədir və koronovirus təhlükəsinin aradan qaldırılması üçün bütün mümkün addımlar atılacaq. Cənab Prezidentin çıxışılarının birində bildirdiyi “Biz birlikdə güclüyük” şüarı bu gün Azərbaycan vətəndaşları tərəfindən dəstəklənir. Bu və digər problemləri də biz yüksək səviyyədə dövlət başçısının rəhbərliyi ilə həll edəcəyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...