14 Aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini – Ahmet Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qurumun İctimaiyyətlə Əlaqələr Sektorundan SİA-ya verilən xəbərə görə, xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov qonaqları səmimi salamlayaraq, iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycanda daim Türkiyənin qardaşlıq köməyinin hiss olunduğunu, müxtəlif sahələrdə bu ölkənin təcrübəsindən yararlanmağa ehtiyac duyulduğunu dilə gətirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ahmet Zahteroğulları "Biz hər zaman təcrübəmizi paylaşmağa hazırıq" deyə bildirib. Qonaq Azərbaycana səfərindən məmnun qaldığını, ölkədə şahidi olduğu ciddi inkişafdan heyrətlənərək qürur hissi keçirdiyini ifadə edib.
Arzu Rəhimov qonağa 1990-cı illərin əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət və iqtisadi tənəzzüldən, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəsadlardan danışıb. Vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada sabitlik bərpa olunmuş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycan inkişaf etməyə başlayıb. Xidmət rəisi bu siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyini nəzərə çatdırıb.
"Təbii ki, biz bir ailəyik. Amma digər dövlətlər kimi biz də qanunlarımıza hörmətlə yanaşılmasını istəyirik" deyən Arzu Rəhimov Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısının miqrasiya ilə bağlı tapşırıq və tövsiyələrini xatırladıb. Ölkə ərazisində yaşamalarını leqallaşdırmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edənlərin arasında daha çox qardaş Türikyə dövlətinin vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edən Xidmət rəisi bunu müsbət hal kimi qiymətləndirib.
Sonda iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə edilmiş, qurumlararası əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB