“Əli Kərimliyə bir neçə dükan verək, 24 saat xalqa xidmət etsin”

“Əli Kərimliyə bir neçə dükan verək, 24 saat xalqa xidmət etsin”

"Azadlıq" qəzetinin bugünkü nömrəsində "Cinayətkarı mitinqçilərin üstünə kim göndərib?" sərlövhəli bir yazı dərc olunub. Yazıda bildirilib ki, "Qarabağ" futbol klubunun keçmiş oyunçusu, sonradan xüsusi xidmət orqanlarına işlədiyi bildirilən "Ataş" ləqəbli Ata Abdullayev 2 aprel aksiyasında müxalifət nümayəndələrinə qarşı qəddarlıq nümayiş etdirib. Onun bir neçə il əvvəl 7 il şərti cəzaya da məhkum edildiyi də qeyd edilib.

 

A.Abdullayev isə ittihamlarla razı olmadığını bildirib. Məsələyə aydınlıq gətirmək üçün SİA-nın redaksiyasında olan A.Abdullayev bildirib ki, hər bir Azərbaycan vətəndaşının borcu ictimai asayişin qorunmasında polisə təmənnasız xidmət etməkdir: "Mən də polisə təmənnasız kömək edənlər sırasındayam. Yaşayış üçün hər şeyim var. Kömək etməkdə də məqsədim polisin, prezidentin təhqir edilməsi, hakimiyyətin söyülməsinə etiraz etmək olub. Mən heç bir qəddarlıq, zorakılıq etməmişəm, sadəcə həmin şəxslərin polis maşınına əyləşdirməyə kömək etmişəm. Xoşum gəlmir ki, polisi və dövlət başçısını təhqir etsinlər. Polisi, hakimiyyəti təhqir edənlər mənim üçün ən vicdansız şəxslərdir. Məni heç kim aksiyaya dəvət etmir, könüllü şəkildə vətəndaşlıq borcumu yerinə yetirirəm. 2009-cu ilin 30 aprelində Neft Akademiyasına daxil olan terrorçunun açdığı atəş səslərindən sonra polisə ilk olaraq mən xəbər vermişəm".

 

A.Abdullayev AXCP sədri Əli Kərimliyə bizneslə də məşğul olmağı təklif edib: "Mən özüm də kiçik bizneslə məşğul oluram. Tanışlarımın da Tbilisi prospektində obyektləri var. Ona bir neçə dükan verək, 24 saat xalqa xidmət etsin".

 

O, bir neçə il əvvəl 7 il şərti cəzaya məhkum edilməsi məsələsinə də münasibət bildirib: "Əli Kərimli insan haqlarından danışır, insan haqlarının pozulması ilə bağlı Qərbə məlumatlar ötürür. Ona demək istəyirəm ki, birincisi məhkum deyiləm. İkincisi, məhkum olsam belə məhkumun da hüquqları var. "Məhkumun hüquqları yoxdur" ifadəsi harada yazılıb. Ona dərs deyən Qərbli müəllimlərdən soruşsun ki, məhkumun hüquqları var, ya yox".

Bütün xəbərlər Facebook səhifəmizdə