Ermənistan xarici qüvvələri münaqişə zonasına cəlb etmək istəyir ÖZƏL - AÇIQLAMA

"Ermənistan sərhəd xəttində münaqişəni alovlandırmaq və xarici qüvvələri də münaqişə zonasına cəlb etmək məqsədilə təxribatları düşünülmüş şəkildə törədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert Zaur Məmmədov son bir neçə gün ərzində düşmən ölkə Ermənistanın Azərbaycana qarşı təxribatçı mövqeyi və sərhəd xəttində xüsusilə də Qazax rayonu istiqamətində iri atəşkəs rejimini dəfələrlə pozması, mülki əhalini atəşə tutması məsələsi ilə bağlı danışarkən deyib.

Bunun düşünülmüş bir siyasi xətt olduğunu vurğulayan siyasi ekspert Ermənistanın bununla da Azərbaycan hərbçilərinin də qarşılıq verəcəyini bilərəkdən bu addımları atdığını bildirib:

"Separatçı rejimin nümayəndələri bilərəkdən bu təxribatları törətməyə davam edir. Bu Ermənistan tərəfindən düşünülmüş ssenarinin bir hissəsidir. Sərhəd xəttində atəşkəs rejimini pozaraq Azərbaycan hərbçilərinin də buna cavab verəcəyini bilərəkdən münaqişəni alovlandırmağa çalışırlar. Nəticə etibarilə sərhəd xəttində gərginlik yaranır. Xüsusilə də onlar sərhədin Qazax rayonu istiqamətində bu tip təxribatları törədərək provokasiya yaratmağa çalışırlar".

Ermənistanın əsas məqsədinin xarici qüvvələri münaqişəyə cəlb etməkdən ibarət olduğunu deyən Zaur Məmmədov düşmən tərəfin bununla da öz mövqeyini nümayiş etdirdiyini qeyd edib:

"Münaqişənin alovlandırılmasında əsas məqsədlərdən biri də xarici qüvvələri də bu münqişəyə cəlb etməkdir. Bununla da Ermənistan Azərbaycanla bağlı öz maraqlarını reallaşdırmağa çalışır. Bütün bu təxribat və provokasiyaların fonunda Azərbaycan hərbçilərinin və sərhəd xəttindəki hərbi qüvvələrimizin diqqətli və layiqli şəkildə Ermənistanın bu təcavüzçü siyasəti ilə qəti şəkildə mübarizə apardığını görürük. Azərbaycan və Ermənistan sərhəd xəttinin hər bir nöqtəsində düşmən tərəfi hərbi qüvvələrimiz tərəfindən dərhal susdurulur".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...