"Xalqda böyük döyüş əhval-ruhiyyəsi formalaşdı" ÖZƏL-ŞƏRH

"Azərbaycanın döyüş tarixinə Aprel döyüşləri kimi düşən 2016-cı ilin aprel ayının 1-i gecə saatlarından başlayan əks hücum əməliyyatı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən prosesdə dönüş dövrü oldu. Həmin günə qədər Azərbaycan məğlub tərəf olaraq qəbul olunurdusa, xarici və vasitəçi ölkələr Azərbaycana bu və ya digər formada anlatmağa çalışırdılar ki, "siz müharibədə məğlub olmusunuz və Ermənistanın dedikləri ilə razılaşmalısınız" amma aprel döyüşlərindən sonra vəziyyət tamamilə dəyişdi". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq təkcə diplomatik müstəvidə deyil, həm də hərbi müstəvidə hücum mərhələsinə keçdi: "Ən əsas məqamlardan biri də o oldu ki, Ermənistanın hərbi rəhbərliyi və ümumiyyətlə işğalçı ölkənin rəhbərliyi, separatçı ermənilər anladılar ki, Azərbaycan Ordusu çox qısa bir vaxtda, bir neçə saat ərzində düşmənin ön xəttini yara bilər, irəliyə doğru irəliləyə bilər və ermənilərin illərlə hazırladığı, formalaşdırdığı müdafiə xəttini darmadağın edərək Ermənistan ordusuna böyük itkilər yaşadan bilər. Döyüşün traktoriyası da bunu göstərdi ki, Azərbaycan Ordusu irimiqyaslı manevrli döyüş əməliyyatı həyata keçirərək düşmənin həm dərinlikdə olan, həm də ön xətdə olan mövqelərini sıradan çıxarda bilir. Bundan başqa Azərbaycan Ordusu ilk dəfə olaraq müharibə tarixində, keçmiş SSRİ bölgəsində müasir döyüş texnologiyalarından (pilotsuz və döyüş uçuş aparatlarından) istifadə etdi. Bundan başqa müasir tank əleyhinə raket sistemlərini tətbiq edərək düşmənin onlarla zirehli texnikasını, qərargahını, sığınacaqlarını və digər hərbi əhəmiyyətli mövqelərini məhv etdi. Bu proses bir neçə gün də davam etsəydi, Ermənistan ordusu Dağlıq Qarabağdakı çox böyük sayda mövqelərini itirəcəkdi və bu müharibə Azərbaycanın qələbəsi ilə yekunlaşacaqdı. Təəssüf ki, müəyyən siyasi vəziyyət, dünyada və regionda olan vəziyyət əks hücum əməliyyatını sona qədər davam etdirməyə bizə imkan vermədi.

Lakin əminəm ki, Azərbaycan Ordusu 2016-cı ilin aprelin ayının 1-2-də başlanan bu hücumu, qələbəni yaxın zamanlarda da davam etdirəcək və həmin döyüşlərdə şəhid olan mirzəyevlərin, imanovların, orucovların, yusifovların və digər şəhid zabitlərimizin, qardaşlarımızın ruhu şad olacaq. Biz Aprel döyüşləri ilə Azərbaycan xalqında da bir inamın formalaşdığını gördük. Azərbaycan Ordusu daxildə də, cəmiyyətimizdə də öz imicini yüksəltdi, xalqda böyük döyüş əhval-ruhiyyəsi formalaşdı".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...