"Sağlamlıq hər şeydən daha vacibdir” ÖZƏL-MÜNASİBƏT

"Dünyada koronovirus (COVİD-19) infeksiyası günü-gündən daha çox insanların bu virusa yoluxmasına, dünyasını dəyişməsinə gətirib çıxarıb. Təəssüflər olsun ki, bu proses hələ də davam edir. Biz görürük ki, artıq dünyada bir milyona yaxın insan koronovirus epidemiyasına yoluxub, 40 mindən çox insan dünyasını dəyişib. Çox təəssüflər olsun ki, bu bəla Azərbaycanımızdan da yan keçməyib. Amma buna baxmayaraq ölkə Prezidenti və onun müvafiq Sərəncamı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik olaraq cəmiyyətimizə, vətəndaşlarımıza verdiyi məlumat və görülən təxirəsalınmaz işlər məhz bu virusun geniş yayılmamasından ötrüdür". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

İdarə rəisinin sözlərinə görə, bu gün ölkəmizdə qərarların qəbul olunması məhz epidemiyanın yayılmamasının qarşısının alınması məqsədilədir: "Ölkəmizdə çoxsaylı aksiyalar və evdəqal çağırışı edilir. Hər gün yenilənən Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi məlumatları hamımızı çox ciddi düşünməyə, hamımızı vətəndaş olaraq bu qərara riayət etməyə məcbur və sövq edir. Bu bizim sağlamlığımız, gələcəyimiz, ailələrimiz, dövlətimiz üçün vacibdir. Görünən odur ki, aprel ayının 4-dən bu qərarlar daha da sərtləşərək maksimum insan vətəndaşının, cəmiyyətimizin hər bir üzvünün sağlamlığı üçündür.

Əziz həmvətənlər, Hörmətli sakinlər. Biz idman ictimaiyyəti adından gənclərimizə, idmançılarımıza, bütün xalqımıza müraciət edərək deyirik ki, buna riayət etməyimiz vacibdir. Məsələ çox ciddidir. Artıq pandemiya ölkə daxilində yayılmağa başlayıb və bu barədə Operativ Qərargah məlumat verib. Bu çox təhlükəlidir. İnsanlar arasında bu infeksiyanın daha geniş yayılmaması üçün həkimlərimiz, polislərimiz, Daxili Qoşunların üzvləri gecə-gündüz çalışır ki, vətəndaşlarımız maksimum dərəcədə zərurət olmadıqda evdən çölə çıxmasınlar. Gəlin biz bir-birimizi qoruyaq və buna riayət edək. Bu karantin dövründə verilən qərarlara riayət etməklə biz virusun genişlənməsinin qarşısını alacayıq. Beləliklə biz bu pandemiyaya qalib gələcəyik. Bu gün biz alimlərimizin, ziyalılarımızın çağırışlarına baxmalıyıq və dövlətimizin dediklərinə diqqətlə qulaq asmalıyıq. Bu çətinliklərə baxmayaraq sağlamlıq hər şeydən daha vacibdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...