"Qondarma “seçki” tamaşasının heç bir hüquqi əsası yoxdur" ÖZƏL-MÜNASİBƏT

"Martın 31-də102 il bundan əvvəl ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım cinayətinin qurbanlarını andığımız bir gündə Ermənistan yenə bizə meydan oxudu. Qondarma Dağlıq Qarabağ Respublikasında "prezident seçkiləri" keçirildi. Özü də bütün dünyanın koronovirusla mübarizə apardığı bir dönəmdə. Bu təkcə bizim hissiyatımızla oynamaq deyil, eləcə də bütün dünyaya Ermənistanın hörmətsizliyi kimi qiymətləndirilməlidir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

"Düzdür, bu qondarma "seçki" tamaşasının heç bir hüquqi əsası yoxdur və onu dünyanın heç bir ölkəsi tanımır. Lakin diqqəti cəlb edən yenə də ermənilərin öz antiinsani xislətini nümayiş etdirməsi və dünya ictimaiyyətinin buna adekvat qiymət verməməsidir. Türkiyədən başqa heç bir dövlət buna tutarlı münasibət sərgiləməyib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin dilucu bəyanatları və yaxud susqunluğuna isə biz alışmışıq. Özgə vaxtı bizə ağıl öyrədən, demokratiya dərsi keçən Avropa Şurası Parlament Assambleyası, Avropa Şurası, ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu, "Human Rights Watch", "Freedom House" və s. çoxlu sayda beynəlxalq təşkilatlar axı niyə ağızlarına su alıb susurlar? Onlar nədən bu məsələyə münasibət bildirmirlər? Biz isə susmayacayıq və bu vəziyyətlə barışmayacayıq. Bir gün Ali Baş Komandanımız əmr verəcək və bizim qüdrətli ordumuz düşmənin üstünə şığıyacaq. Bu bizim haqqımız və boynumuzun borcudur. Qoy hamı bilsin ki, o gün uzaqda deyil"-deyə, M.Səfərli fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə