Azərbaycan 2011-ci ildə Türkiyəyə 6,2 milyon ton neft ixrac edəcək
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev, Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təmsil edir. Zirvə toplantısına sabah yekun vurulacaq. SİA-nın məlumatına görə, zivə toplantısını açan Vəqf sədri Akkan Suver tədbirdə ümumilikdə 50-dən çox ölkədən 150 nümayəndənin iştirak etdiyini diqqətə çatdırıb.
Ə.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zirvə toplantısının iştirakçılarına göndərdiyi təbrik məktubunu oxuyub. Daha sonra Azərbaycanın Avrasiya İqtisadi Forumunun təşkilinə verdiyi töhfəyə görə, Akkan Suver Ə.Həsənov, V.Ələsgərov və N.Əliyevə vəqfin adından xatirə hədiyyəsi təqdim edib.
Toplantının enerji məsələlərinin müzakirəsinə həsr olunmuş sessiyasında çıxış edən Azərbaycanın sənaye və energetika naziri N.Əliyev Azərbaycanın 2006-cı ildən etibarən iqtisadi yüksəliş dövrünü yaşadığını bildirib. Bu müddət ərzində ölkənin iqtisadiyyatın bütün sahələrində, xüsusilə, enerji sektorunda böyük nailiyyətlər əldə etdiyini söyləyən Azərbaycanın sənaye və energetika naziri ümumi daxili məhsulun həcminin hər il orta hesabla 20-30 faiz artaraq 2010-cu ildə 51,8 milyard dollara çatdığını vurğulayıb. Artımın 52 faizinin sənayenin payına düşdüyünü ifadə edən N.Əliyev bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin fəaliyyəti nəticəsində ölkəmiz regional inkişaf göstəricilərinə görə liderdir və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.
N.Əliyev bildirib ki, xam neft və neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 91 faizini təşkil edir. 2010-cu ildə neft istehsalının 50,8 milyon ton olduğunu deyən nazir təbii qaz hasilatının 26,3 milyard kubmetr olduğunu bildirib. N.Əliyev 2011-ci ildə 51,4 milyon ton xam neft hasilatını planlaşdırdığını qeyd edib. O, hasil olunan neftdən 6,2 milyon tonun Türkiyəyə ixrac ediləcəyini söyləyib: "Azərbaycanda neft istehsalı keçən illərlə müqayisədə 3 dəfə çox olub. 2004-cü ildə neft istehsalı gündəlik 300 bareldən indi 1,1 milyon barelə yüksəlib. Xəzər bölgəsindəki hasilat isə gündəlik 4,4 milyon barelə çatıb. 2025-2030-cü illərdə bunun 5,4 milyon barrel olması gözlənilir. Bu isə dünya üzrə 3,5 faizi deməkdir".
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl və müxtəlif ölkələrdən gəlmiş nazirlər və iş adamları Avrasiya məkanında iqtisadi sahədə əməkdaşlığın perspektivləri, yoxsulluğun azaldılması, digər məsələlərlə bağlı çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov zirvə toplantısı çərçivəsində bu gün keçiriləcək sessiyasında çıxış edərək diaspor təşkilatlarının xalqların yaxınlaşması, milli dəyərlərin təbliği və digər sahələrdə rolundan danışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB