“Dövlət dəstəyi proqramları kifayət qədər əsaslandırılmış proqramlardır” ÖZƏL-MÜNASİBƏT

Dünyada pandemiyanın yayılması, eyni zamanda neftin qiymətinin aşağı düşməsi və eləcə də Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata da müəyyən təsirsiz ötüşməyəcəkdir. Bunu SİA-ya müsahibəsində Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri qeyd edib ki, 1 milyard manata yaxın vəsaitin ayrılması və 4 işçi qrupunun yaradılması ilə bağlı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin verdiyi sərəncamda əsas məqsəd sahibkarların da bu prosesdən minimum təsirlənməsi və bu proseslərdə vətəndaşlara iqtisadi cəhətdən təsirin minimuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramlarının hazırlanması ilə bağlıdır: “Azərbaycan dövlətinin siyasəti həmişə ardıcıl olub. Təbii ki, ilk öncə vətəndaşın sağlamlığının qorunması, daha sonra isə iqtisadi dəstək proqramları onu deməyə əsas verir ki, təhlil və dövlət dəstəyi proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanmış proqramlardır. Bildiyimiz kimi artıq işçi qruplarının biri tərəfindən, yəni iqtisadiyyat nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqamətləri və əhatəsi ilə bağlı təkliflər artıq elan olunmuşdur və əhatəsinə baxsaq, burada əhatənin kifayət qədər geniş olmağı və təxminən 600 minə yaxın insanın bu proqramı əhatə etdiyi görünür. Beləki, bütövlükdə baxsaq, proqram bir neçə istiqamətdən ibarətdir. Əsasən pandemiyadan təsirlənən 44 minə yaxın sahibkarlarla çalışan 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki, məhz məhdudlaşma tədbirləri nəticəsində bu qədər sayda insanın həm əməkhaqqısının alınmasında, həm də sahibkarlar tərəfindən bu insanlara əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. Qeyd edim ki, 304 minə yaxın muzdla çalışan insan qeyri neft sektorunda çalışan insanların 45 faizindən bir az çox edir ki, bu kifayət qədər böyük bir rəqəmdir. Eyni zamanda əlavə olaraq 292 minə yaxın fərdi sahibkarlara artıq dövlətin dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki, bildiyimiz kimi məhdudlaşma tədbirləri həm də fərdi sahibkarların, xüsusən xidmət sektorunda çalışan sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarmışdır".

Millət vəkili bildirib ki, bütün bunlarla yanaşı vergi güzəştlərində müəyyən imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdükləri kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur: "Beləki, məhz banklardan kredit götürən sahibkarların bu dövr ərzində pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan sahibkarların götürdüyü kreditlərin faizlərində dövlət dəstəyi mexanizminin hazırlanması və dövlətin bu dəstəyi göstərməsi xüsusən də sahibkarların götürdüyü kreditlərdə kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənməsi və yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və 3 illik götürülən kreditlərdə kredit faizlərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında olan müddəalar eyni zamanda bu gün sahibkarlara veriləcək dəstəklər həm də növbəti mərhələdə, yəni krizisdən sonrakı mərhələdə Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanması üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edəcəkdir".

Kredit məsələsinə aydınlıq gətirən T.Mirkişili qeyd edib ki, xüsusən tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı dəstək bu proqramda özünü əhatə edir: "İpoteka ilə bağlı insanların kredit götürdükləri və xüsusən tikinti sektorunun canlanması ilə bağlı dövlət dəstəyi proqramənda xüsusi müddəalar nəzərə alınmışdır. Eyni zamanda komunal ödənişlərdə insanlara ediləcək güzəştlərlə bağlı dəstək proqramında müddəalar öz əksini tapır. Daşınma fəaliyyəti göstərən şirkətlərin dəstəklənməsi və stimullaşdırılması ilə bağlı da dəstək proqramında müddəalar yer alır. Ümumilikdə demək istərdim ki, dövlət başçısının tapşırığı xüsusən birinci növbədə vətəndaşların sağlamlığını, daha sonra isə iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək və krizisdən sonrakı mühitdə Azərbaycanın iqtisadi aktivliyini artırmaq barədə qısa, orta və uzun müddətli proqramın hazırlanmasıdır. Mən düşünürəm ki, indiki halda kifayət qədər operativ olaraq bu proqramın hazırlanması və icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, indiki halda da sahibkarlar da dövlət başçısının qayğısını və dəstəyini hər zaman hiss edir və edəcəklər. Çünki, məhz bu qayğı və bu operativlik nəticəsində biz bu problemdən çıxa, sınaqdan üzüağ çıxa və krizisdən sonrakı dövrə daha yaxşı hazırlaşaraq gələcəkdə daha çox inkişaf dinamikasına sahib ola bilərik”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...