"Yaşamaq istəyiriksə, karantin rejiminə əməl etməliyik" MÖVQE-ÖZƏL

“Bildiyimiz kimi koronavirus pandemiyası bütün dünya ölkələrinin həyat və fəaliyyətini iflic vəziyyətə salıb. Bu günə qədər virusa qarşı heç bir dərman və ya vaksin tapılmayıb. Nəticədə 100 minlərlə insan infeksiyaya yoluxub, minlərlə insan isə dünyasını dəyişib. Bu gün bütün dövlətlər, dünyanın ən inkişaf etmiş ölkələri, iqtisadiyyat baxımdan güclü olan, eləcə də səhiyyə sahəsinin ən yüksək zirvəsinə çatan ABŞ, Almaniya, İtaliya, İspaniya kimi ölkələr belə yaranan vəziyyətdə aciz qalıblar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Bütün dünya ölkələri, o cümlədən də Azərbaycan dövlətinin virusla mübarizə istiqamətində yüksək fəaliyyət ortaya qoyduğunu deyən deputat söyləyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik və tapşırıqları ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vaxtında təsirli addımlar, bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilir:

“Verilən qərarlar nəticəsində ölkəmizdə bütün təhsil və ictimai iaşə obyektləri, ticarət mərkəzləri fəaliyyətini dayandırılıb, xüsusi karantin rejimi tətbiq edilib. İnsanların, xüsusilə də işləməyən vətəndaşlarımızın evdə qalmaları üçün çox ciddi tədbirlər görülür. Bununla yanaşı Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinə 1 milyard maliyyə vəsaitinin ayrılması, sahibkarlara dəstək üçün İşçi Qrupu, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və digər addımlar dünyada baş verən koronavirus pandemiyasından enerji və səhm bazarlarındakı kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, eləcə də ümumilikdə Azərbaycana ehtimal olan təsirlərinin aradan qaldırılması məqsədi daşıyır. İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirləri və Mərkəzi Bankın rəhbəri də daxil olmaqla 4 İşçi qrupu yaradılıb. Qəbul edilən dövlət proqramları hüqiqi, fiziki şəxslərə sahibkarlara ehtimal olunan zərərin aradan qaldırılması, məşğulluğun davamlı şəkildə həyata keçirilməsi, aztəminatlı ailələrə, sosial problenlərin həllinə yönəldiləcək”.

Prezident İlham Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən konkret tapşırıqlar verdiyini deyən C. Osmanov bildirib ki, ölkə başçısının də qeyd etdiyi kimi qəbul edilən dövlət proqramları nəticəsində bu həftədən etibarən ödəmələrə başlanılacaq: “Həmrəyliyin digər bir nümunəsi Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması idi ki, bildiyiniz kimi Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyeva öz əmək haqlarını fonda bağışladılar, daha sonra isə bu aksiyaya sahibkarlar, siyasətçilər, mədəniyyət, incəsənət xadimləri, eləcə də sıravi şəxslər də qoşuldular”.

C. Osmanov vurğulayıb ki, virusu ciddiyə almayan ölkələrdə, xüsusilə də ABŞ və Avropada zamanında görülməyən tədbirlər, eləcə də insanların infeksiyaya qarşı məsuliyyət münasibəti nəticəsində vəziyyət daha kritikdir: “Əgər Azərbaycanda da insanlar qoyulan qaydalara, xüsusi krantin rejiminə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə əməl etməsə, bizim də aqibətimiz bu ölkələr kimi ola bilər. Azərbaycanda koronavirusla bağlı gündəlik statistik rəqəmlərə baxdıqda 4 ölüm və demək olar ki 300 nəfərin virusa yoluxduğunu görürük. Bu o deməkdir ki, bizdə də virusa yoluxma artan dinamika üzrə gedir. Bu baxımdan hər kəsdən karantin rejiminə əməl etməyi xahiş edirik. Hətta bu rejimin əməl edilməsi ilə bağlı qanunvericilikdə cəza tədbirləri nəzərdə tutulub. Bu baxımdan hər birimiz sosial məsuliyyətimizi anlamalı, əzizlərimiz, ailəmiz, doğmalarımız , yaxınlarımız, dövlətimiz üçün bütün tədbirlərə əməl etməliyik. Çünki biz özümüzü qorumaqla ölkəmizi, xalqımızı, dövlətimizi qorumuş oluruq. Əgər biz real məsuliyyətimizi anlayıb, izolyasiya tədbirləri, karantin rejiminə əməl etsək o zaman prosesdən daha az itki ilə yaxa qurtara bilərik. Lakin çox təəssüf ki, bəzi insanlar bunu anlamaq istəmir, qoyulan qaydalara riayət etməməklə ailə üzvlərini, yaxınlarını, eləcə də digərlərinin yoluxma ehtimalını artırırlar. Əgər xalq olaraq mövcud olmaq istəyiriksə, mütləq şəkildə karantin rejiminə əməl etməliyik. Əks halda bizdə vəziyyət Avropa ölkələrindəki kimi acınacaqlı ola bilər. Gündəlik statistika da göstərir ki, bəzi insanların məsuliyyətsizliyi nəticəsində Azərbaycanda virusa yoluxma dinamikası artır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə