Ermənistanın Xankəndi üzərindən oynadığı siyasi oyun ifşa edildi - AÇIQLAMA

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib orada qondarma bir rejim yaratdıqdan sonra keçirilən saxta seçkilərlə ona beynəlxalq hüquqi don geyindirməyə çalışır və buna görə də vaxtaşırı seçki adı verdikləri siyasi bir tamaşa qururlar. Bu seçkilərin saxta oluduğu, əslində isə ora Yerəvan tərəfindən kimlərinsə vali təyin edildiyi heç kəsə sirr deyil. İrəvanda növbəti dəfə hakimiyyət dəyişməsinə baxmayaraq, yeni hakimiyyətin də Dağlıq Qarabağ məsələsində mövqeyi heç də əvvəlkilərdən fərqləndirmir, yenə Azərbaycanın ərazi bütövlüyünü tanımır, yenə işğal edilmiş əraziləri nəzarətində saxlayır və həmin o qondarma rejimə hüquqi don geyindirməyə çalışır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu saxta seçkilərlə Ermənistan özünü yenidən işfa edib: "Həmin o siyasi tamaşa beynəlxalq təşkilatlar, xarici dövlətlər tərəfindən birmənalı şəkildə qınanıldı və Ermənistanın Xankəndini öz nəzarəti altında saxlaması üçün oynadığı siyasi oyunu ifşa edildi. Hesab edirəm ki, bu Ermənistanın beynəlxalq hüquqa hörmətsizliyidir və regionda sülh yaratmaq cəhdindən yaxasını kənara çəkməkdir, həmçinin erməni millətçilərinin böyük Ermənistan yaratmaq ideyasına hələ də sadiq olduğunu göstərməkdir. Ancaq onlar unudurlar ki, Azərbaycan artıq müstəqil dövlətdir və əvvəlki kimi digər bir dövlətin tərkibində deyil ki, biz tarixi torpaqlarımızın hissə-hissə qoparılaraq yerində Ermənistan yaradılmasına heç nə ilə mane ola bilməyək. Bu gün Dağlıq Qarabağ məsələsi Azərbaycanın bir nömrəli ümummili problemidir. Bu problemin həlli üçün Azərbaycan dövləti, cəmiyyəti, ən əsası Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük işlər görür".

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın güclü iqtisadiyyatı, ordusu yaradılıb və Silahlı Qüvvələrimiz Dağlıq Qarabağ probleminin həllində əsas vasitələrdən biridir: "2016-cı il aprel hadisələri zamanı bir çox strateji yüksəkliklərin və ərazilərin nəzarət altına alınması onu göstərib ki, Ermənistanın bugünkü vəziyyəti çıxılmazdır. Nə ölkəsini idarə edə bilir, nə iqtisadiyyatını qura bilir, nə də beynəlxalq aləmdə uğurları var. Dağlıq Qarabağ məsələsinin isə həll edilməsi günün qaçılmaz tələbidir. Azərbaycan heç vaxt öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına razı olmayacaq. Əgər ermənilər dövlət yaratmaq istəyirsə, getsinlər bunu dünyanın başqa bir yerində etsinlər. Bu sözlər ölkə Prezidentdi cənab İlham Əliyevin bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla debatında dediyi fikirdir. Düşünürəm ki, bu mövqe, bu qətiyyət hər zaman aktualdır və Azərbaycan xalqının iradəsini əks etdirir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...