Erməni rəhbərliyi öz ictimaiyyətini aldada bilirsə... - AÇIQLAMA

"Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərini qanuni seçkilər adlandırmaq olmaz və keçirilən seçkilər qanun çərçivəsində deyil. Bu qondarma seçkilər həm qanunlara, həm beynəlxalq hüquq normalarına, həm də Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının maraqlarına ziddir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, bu cür seçkilər sadəcə olaraq tamaşa xarakteri daşıyan dırnaqarası seçkilərdir: "Aydın məsələdir ki, Dağlıq Qarabağda rəhbərlik edən rejim separatçı rejimdir və koronavirus kimi qlobal təhlükənin olduğu bir zamanda qondarma seçkilər keçirir. Düşünürəm ki, bu cür saxta və publikaya hesablablanmış seçkilərin keçirilməsinə ehtiyac yoxdur, çünki onsuz da bu seçkilərin nəticələri bəllidir".

F. Sadıqov vurğulayıb ki, bu seçkilərdə hazırki işğalçı rejim sadəcə öz istəklərinə uyğun namizədi seçəcək: "Burada hər hansı demokratik səs vermədən söz gedə bilməz. Məhz buna görə də onların bu qondarma seçkilərlə bizi və dünya ictimaiyyətini aldatması mümkün deyil. Əgər bu tamaşalarla erməni rəhbərliyi öz ictimaiyyətini aldada bilirsə, onda buyursunlar tamaşalara davam etsinlər. Separatçı rejimin belə bir şəraitdə keçirdiyi seçkilər absurddur və əminəm ki, heç bir dövlət və beynəlxalq struktur bu seçkiləri tanımayacaq. Ümumilikdə Dağlıq Qarabağda hökm sürən rejimin başında duran bir şəxsin digəri ilə əvəz olunması heç bir əhəmiyyət kəsb etmir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...