Aprelin 11-dən Fransada ictimai yerlərdə hicabda gəzməyi qadağan edən qanun qüvvəyə mindi. Qanuna qarşı çıxan qadınlar 200 dollar cərimə ödəməli olacaqlar. Qanunda o da qeyd edilib ki, əgər kimsə hicab taxmağa məcbur edilərsə, məcbur edən şəxs daha yüksək cərimə və iki ilə qədər həbs cəzası ala bilər. Rəsmiləşən hicab qadağası Fransaya gedən turistlərə də aid ediləcək.
Mübahisəsiz demək olar ki, Fransa prezidenti Nikolya Sarkozi dünyada islam əleyhdarlığı cəbhəsinə rəhbərlik edir. Dünyanın heç bir lideri müsəlmanlara olan nifrətini onun qədər açıq şəkildə nümayiş etdirmir. Ola bilər ki, başqaları müsəlmanlara Sarkozidən daha çox nifrət edirlər, amma bunu nümayiş etdirməkdən çəkinirlər. Sarkozinin müsəlman əleyhdarlığında Türkiyənin yeri isə tamam başqadır. Fransa prezidenti Avropa Birliyi (AB) ilə müzakirə prosesinin başlanmasından bu yana Avropadakı Türkiyə müxalif cəbhənin bayraqdarıdır. Türklərin avropalı olmadığını və əsla AB-yə girə bilməyəcəyini iddia edən Sarkozi Avropanı türklərdən qoruyan adam simasındadır. Fransız liderin Liviyaya hava əməliyyatı öncəsi Türkiyəyə qarşı ortaya qoyduğu davranış onun türk allergiyasının yalnız AB ilə məhdud olmadığını üzə çıxarır. Görəsən, ana tərəfdən İstanbula çatan Sarkozi Türkiyədən, türklərdən nə istəyir?
Sarkozinin Türkiyəyə qarşı sərgilədiyi davranışın arxasındakı ən böyük səbəb heç şübhəsiz daxili siyasətdir. Bunu tam olaraq anlamaq üçün 2002-ci ilə qədər getmək lazımdır. 2002-ci ildə keçirilən prezident seçkilərində həddindən artıq sağçı Mariya Le Pen ilk turda Sosialist Partiyasını geridə qoyaraq Jak Şirakla ikinci tura qaldı. Le Penin Milli Cəphəsi 17 faizə yaxın səs toplayaraq ikinci oldu. İrqçi bir siyasətçinin Fransa kimi bir ölkədə ikinci tura qalması bütün dünyada şok təsiri yaratdı, fransız ictimaiyyətinin zədələnməsinə səbəb oldu. İkinci turu siyasi mənsubiyyətini bir kənara qoyaraq irqçilik referendumuna çevirən fransızlar siyasi baxımdan ölü elan edilən Şirakı 82 faiz kimi rekord bir səslə yenidən Elisey sarayına çıxardılar.
Siyasətdə atası sayılan Şiraka qarşı mübarizə apararaq sağın liderliyini ələ keçirən Sarkozi prezident olmaq strategiyasını bu cədvəl üzərində cızdı. Partiyası olan Xalq Hərəkəti Birliyi ikinci dəfə iqtidarda idi. O, Elisey sarayına 20 faizdən artıq olan sağın səslərini alaraq gedə biləcəyini düşünürdü. Nazirlər Kabinetdəki daxili işlər nazirliyi kreslosunu da yaxşı qiymətləndirən Sarkozi hələ nazir ikən həddindən artıq sağa sürüşməyə başladı. O. təhlükəsizlik, immiqratlar və islam kimi həddindən artıq sağın klassik mövzularına əl ataraq populist bir dil və siyasət mənimsədi. Sarkozi cəphəsi 2007-ci ildəki prezident seçkisi kampaniyasında yaxşıca "Le Penləşdi".
Bu müddətdə Türkiyə Sarkozinin seçki kampaniyasında ən məşhur kampaniya mövzularından biri idi. Aparılan araşdırmalar fransız ictimaiyyətin təxminən üçdə ikisinin Türkiyənin AB-yə daxil olmasını istəmədiyini ortaya qoyurdu. Sarkozi seçkilərdən əvvəl türklərin avropalı olmadığını irəli sürərək iqtidara gələcəyi halda tam üzvlük müzakirələrini dayandıracağını öhdəliyə götürdü. Sarkozinin anti-türkiyə ruhu seçki kampaniyalarının ən hərarətli və kütlələri ən çox həyəcanlandıran "vəsaiti" halına gəlmişdi. Bu strategiya Sarkoziyə Elisey sarayının qapılarını açdı. 2007-ci ildəki seçkilərin ilk turunda həddindən artıq sağçı Le Penin səsləri 10 faizə qədər düşdü. Bu Le Penin siyasi həyatında ən pis nəticə oldu. Sarkozi ikinci turda sosialistlərin namizədi Seqolene Royal qarşısında qələbə qazandı. Və Fransada Sarkozi dövrü başladı.
Sarkozi Türkiyə qarşısındakı mövqeyini dövlət başçısı olandan sonra da dəyişdirmədi. Lakin söz verdiyi kimi Türkiyənin AB ilə müzakirə prosesini dayandırmadı. Müzakirələri sonlandırmağın ancaq bütün AB üzvlərinin səs çoxluğu ilə mümkün ola biləcəyi nəzərə alınarsa, Sarkozinin Parisdə verdiyi öhdəliyi Brüssüldə reallaşdırmasının heç də asan olmayacağı məlum idi. Buna görə də o, söz verdiyi seçicisini razı salmaq üçün fərqli bir yol tapdı. Avropa Komissiyanının tam üzvlük üçün hazırladığı 35 müzakirə fəslindən yalnız beşini "tam üzvlüyə aparan", digərlərini isə "tam üzvlüklə əlaqəsi olmayan" şəklində şərh edərək yeni bir arqument ortaya atdı. Fransa rəsmi olaraq adları qoyulmayan bu beş fəslə qarşı blok yaradacaq, lakin digər 30 fəsil müzakirə edilə biləcəkdi. Bu Sarkozini həm öz seçicisi, həm də Brüsseldə rahatlaşdıran bir düstur idi.
Sarkozi gələn il keçiriləcək prezidentlik seçkisində yenidən namizəd olmağı planlaşdırır. Lakin prezidentliyin 4-cü ilindəki cədvəl Sarkozi üçün elə də ümidləndirici görünmür. Ana müxalifətdəki Sosialist Partiyanın mümkün namizədləri anketlərdə Sarkozini indidən geridə qoyur. Fransadakı siyasi cədvəl bugünki kimi davam etsə, Sarkozi dövrü gələn il sona çatacaq kimi görünür. Bu vəziyyəti fərq edən Sarkozi 2007-ci ildəki seçkinin əvvəlindəki kimi tündxasiyyət və yenə həddindən artıq sağçı bir siyasət arxasınca getməyə başlayıb. Fransız lider yenə eyni strategiyanın ona fayda verəcəyinə ümid edir. Sarkozi cəbhəsi ata Le Penin kreslosunu təhvil alan qızı Mariya Le Penin ortaya atdığı, məsələn küçələrdə namaz müzakirəsi kimi populist mövzulara əl atıb. Öz cəphəsini belə ikiyə bölən, özünün təyin etdiyi baş nazir Franko Fillonun belə qarşı çıxdığı dünyəvilik və islam müzakirəsi də bunlardan biridir.
Parisin Türkiyə allergiyasının ortaya çıxdığı bir başqa sahə isə xarici siyasətdir. "Türkiyədən xilas olmaq çox çətindir, son zamanlarda hansı ərəb ölkəsinə getsək, Türkiyənin adını eşidirik. Bizə Türkiyədən və türk modelindən danışırlar". Bu sözlər yüksək səviyyəli bir fransız diplomatın Sarkozin müzakirələrə səbəb olduğu Ankara səfərində etdiyi Türkiyə şərhindəndir. Türkiyə son dövrdə icra etdiyi aktiv xarici siyasət çərçivəsində mədəni baxımdan böyük yaxınlığın olduğu Orta Şərq və Şimal Afrika ölkələrinə xüsusi əhəmiyyət verir. Türkiyənin Fransanın indiyə kimi sözü eşidilən çoxlu sayda müsəlman ölkəsində adının tez-tez hallanması Parisin heç xoşuna gəlmir. Nüfuz dairəsi kimi müəyyən etdikləri Livandan Əlcəzairə kimi böyük bir coğrafi ərazidə Türkiyə gözlənilməz bir oyunçu olaraq qarşılarına çıxır. Paris əlinə keçdiyi hər fürsətdə Türkiyəni oyundan kənar etməyə çalışır. Sarkozinin bölgədə ciddi bir çəkisi olmasına və yerli oyunçularla xüsusi əlaqələr yaratmasına baxmayaraq Türkiyəni Parisdə təşkil edilən ilk Liviya yığıncağına dəvət belə etməməsinin tək səbəbi budur. Ankaranın reaksiyasından sonra "Türkiyəni əməliyyata qarşı olduğu üçün çağırmadıq" kimi özlərinin belə inanmadığı bir arqumentlə cavab verdilər. Halbuki ilk Liviya əməliyyatına ən çox qarşı çıxan Almaniyanın baş naziri Angela Merkel zirvənin qonaqlarından biri idi. Fransanın NATO xaricində bir koalisiya yaratmaq istəyinin səbəbi də Türkiyənin ittifaqdakı nüfuzudur.
Fransız iqtidarlarının Türkiyə allergiyasını simvolik səviyyədə də görmək mümkündür. Türkiyə və Fransa əslində tarixi və iqtisadi baxımdan çox yaxın olması lazım olan iki ölkədir. Fransa Türkiyədəki ən böyük xarici investorlardan biridir. İllik ticarət dövriyyəsi 12 milyard avro ətrafındadır. Parisdə fransız nazirlər Misir, Tunis, Əlcəzair kimi ölkələrin milli günlərinə getmək üçün yarışdığı halda, Türkiyənin Paris səfirliyində təşkil edilən Cümhuriyyət Bayramı təbdirlərinə bir naziri belə görmək mümkün deyil. Bir neçə il bundan əvvəl nazir köməkçisi statusunda olan bir "dövlət qulluqçusu"nun Cümhuriyyət Bayramına qatılması qarışıqlığa səbəb olmuşdu. Fransa dünyaya açılan Türkiyəni bir çoxu keçmiş müstəmləkəsi olan müsəlman ölkələrdə hansısa bir şəkildə qorumağa çalışdığı nüfuzuna təhlükə olaraq qiymətləndirir. Parisin Türkiyənin AB üzvlüyü ilə əlaqədar siyasəti 2012-ci ildə Elisey sarayına çıxacaq fərqli bir respublika başçısı ilə dəyişə bilər, lakin xarici siyasətdəki bu davranışın dəyişməsi gözlənilməməlidir. Paris Türkiyəni rəqib olaraq görməkdə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB