İlham Şaban: “İnkişaf etmiş ölkələrin açıqladığı iqtisadi rəqəmlər neftin qiymətinə təsir göstərir”
Beynəlxalq Enerji Agenliyi (BEA) yüksək neft qiymətlərinin dünya iqtisadiyyatına və neftə tələbatın artmasına zərər verdiyini xəbərdarlıq edib. Təşkilatın hesabatında neft hasilatçılarının rəsmi satış qiymətlərini azaldaraq və bazara əlavə xam neft çıxararaq qiymətləri aşağı sala biləcəyi vurğulanıb. Ekspertlər də neft qiymətlərinin yüksək olmasının dünya iqtisadiyyatına təsir edəcəyi fikri ilə razılaşırlar.
SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, 2008-cin ildə yaşanan hadisələr neftin qiymət artımının dünya iqtisadiyyatına necə təsir göstərə biləcəyini göstərib. Maliyyə böhranın nəticələrinin təxminən iki il sonra, 2010-cu ilin ortalarında ortadan qaldırıldığını deyən ekspert 2011-ci ildə də neftin qiymətinin sürətlə artmasının müşahidə edildiyini qeyd edib: "Müşahidələr nəticəsində ortaya çıxdı ki, dünyanın ən böyük neft idxalçısı olan ABŞ-da, o cümlədən Avropa Birliyi ölkələrində proqnozlar özünü doğrultmadı. Söhbət iqtisadi inkişafın tempindən gedir. Neft iqtisadiyyatın lokomotividir. Onun qiyməti qalxanda bundan bütün iqtisadiyyat da təsir görür. Neftin maya dəyəri yüksəlir, insanlar qənaətə keçirlər. İnsanlar pul xərcləmirlərsə, istehsal azalır, bir sözlə neqativ hallar müəyyən bir dövr üçün bir-birinin ardınca böhran və postböhran mərhələlərini doğurur. Hindistan və Çin kimi əhalisi yüksək olan ölkələrdə ərzağın bahalaşması dünyaya sirayət etdi. Həmçinin 2011-ci ildə neft hasilatçısı olan ölkələrdə stabilliyin pozulması baş verdi".
Neftin bundan sonrakı qiymətində gözlənilən tendensiyalara gəlincə, İ.Şaban qeyd edib ki, qiymətin sabitliyindən danışmaq üçün üçün heç bir əsas yoxdur. Neftin qiymətinə təsir edən amillərin çox olduğunu deyən ekspert bildirib ki, birinci rübün nəticələri üçün ayın 20-dən sonra inkişaf etmiş ölkələr üçün rəqəmlər açıqlanacaq: "Bu neftin qiymətinə çox ciddi təsir edəcək. Məsələn, Almaniyada proqnozdan bir faiz çox ixrac olub və yaxud gəlir artıb. Bu isə neftin qiymətinin artmasına təsir göstərəcək, çünki pozitiv bir siqnaldır. Yaxud da açıqlayacaqlar ki, ABŞ-da gözlənilən artım olmayıb. Bu neqativ siqnal olduğundan neftin qiyməti düşəcək. Yaxud Orta Şərq və Şimali Afrikadakı hadisələrin gedişatı neftin qiymətinə təsir göstərə bilər. Yaponiyada açıqlanacaq ki, iqtisadiyyat nə qədər geri düşüb. Bütün bunlar neft qiymətinə öldürücü zərbələrdir. Həm enməni, həm də qalxmanı müşahidə edəcəyik. Heç kim proqnozlaşdıra bilməz ki, neftin qiyməti 90, ya da 130 dollar olacaq".
"Həm istehsalçı, həm də istehlakçı üçün ədalətli sayıla biləcək qiymət varmı?" sualına cavabında Neft Araşdırmaları Mərkəzinin rəhbəri qeyd edib ki, normal inkişaf üçün vəsait ödənilirsə, bu halda neftin qiyməti ədalətli hesab edilə bilər: "Ötən ilin dekabrından neftin qiyməti 85-90 dollara arasında dəyişilirdi. Bunu ədalətli qiymət hesab edirdilər. Daha sonra qiymət 126 dollara qədər yüksəldi və arada olan fərq siyasi, iqtisadi və digər risklərin neftin üzərinə qoyduğu əlavə dəyər idi. Bundan sonrakı mərhələdə qiymətin ədalətli həddə düşməsi yuxarıdakı faktorlardan asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB