AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Kanadanın Türkiyədəki səfiri Mark Beyli və səfirliyin ikinci katibi Timoti Makey ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycanda son illərdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən genişmiqyaslı işlər, elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi, eləcə də Azərbaycan elminin dünya elminə inteqrasiyası, İKT layihələri, informasiya texnologiyaları sahəsində kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AMEA İTİ-nin fəaliyyəti haqqında məlumat verən institutun direktoru, AMEA-nın müxbir üzvü professor Rasim Əliquliyev İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyi müasir dövrdə ölkəmizdə də biliklər iqtisadiyyatını formalaşdırmaq, elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin inteqrasiyasını təmin etmək, innovasiya siyasətinin səmərəsini artırmaq və s. kimi məsələlərin həyata keçirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirib.
Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq hal olduğunu bildirən Mark Beyli beynəlxalq elmi-texniki əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluğunu ifadə edib. Məqsədinin Vaterlo Universiteti ilə AMEA İTİ arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdən ibarət olduğunu söyləyib.
Yüksək ixtisaslı, peşəkar mütəxəssislər yetişdirən Vaterlo Universitetinin dünyanın aparıcı İT müəssisələri ilə, o cümlədən, Microsoft şirkəti ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. Yeni texnologiyalarla təchiz olunmuş, beynəlxalq standartlara müvafiq şəkildə fəaliyyət göstərən AMEA İTİ ilə əməkdaşlıq istiqamətində təkliflərin müzakirə olunacağını bildirib.
Qonaqlar AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində həyata keçirilən layihələrlə də tanış oldular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB