AXCP sədrinin müşaviri və digər 4 nəfərin kassasiya şikayətinin ilkin baxışı təxirə salınıb

AXCP sədrinin müşaviri və digər 4 nəfərin kassasiya şikayətinin ilkin baxışı təxirə salınıb

Bakı şəhər Prokurorluğu AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti, təqsirləndirilən şəxslərdən - Racu Mehrəliyev və Elnur Mirzəliyev isə apellyasiya şikayəti veriblər. SİA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hər iki şikayət əsasında bu günə təyin olunan məhkəmə prosesinin ilkin baxış iclası vəkil Yavər Hüseynovun məhkəməyə gəlmədyinə görə, təxirə salınıb. Proses aprelin 15-də davam etdiriləcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən zərərçəkmiş şəxsin mənzilindən 200 min ABŞ dolları oğurlanması barədə qeyd təsdiqini tapmadığı üçün ittihamdan xaric edilib. Onu da qeyd edək ki, prokurorluq hökmün bu hissəsi üzrə apellyasiya protesti verib. Bakı şəhər Prokurorluğu həmin hissənin ittihama salınmasını istəyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehrəliyev və Elnur Mirzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxs Hüseyn Qurbanovun isə əvvəldən çəkilməmiş qalan cəzası ilə yeni cəza toplanmaq yolu ilə barəsində 10 il 10 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

 

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə