Babək Qarayev: “Region gəncləri arasında QHT institutunun formalaşmasına şərait yaradılacaq”

Babək Qarayev: “Region gəncləri arasında QHT institutunun formalaşmasına şərait yaradılacaq”
"Gəncliyin Səsi" Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region gəncləri arasında QHT institutunun formalaşması və inkişafına yardım etməklə demokratikləşmə prosesinə tövhə verilməsi" adlı layihə icra edir. Bu barədə SİA-ya açıqlamasında "Gəncliyin Səsi" Maarifləndirmə İctimai Birliyinin sədri Babək Qarayev məlumat verib. O bildirib ki, layihənin məqsədi regionlarda gənclər arasında QHT institunun yaranması, inkişafı prosesinə yardım etmək, beləliklə regionlarda demokratikləşmə prosesinin irəliləməsinə töfhə verməkdir. Onun sözlərinə görə, məqsəd regionlarda "üçüncü sektorun" gələcəkdə möhkəmlənməsi üçün əlverişli şəraitin yaradılması, bu sahədə müsbət təcrübənin öyrənilməsi və yayılmasıdır. Layihənin Bərdə, Beyləqan, Balakən regionlarında həyata keçirildiyini deyən B.Qarayev qeyd edib ki, regionlarda da bu sahədə irəliləyişlər əvvəlki illərlə müqayisədə nəzərə çarpan dərəcədədir: "Aparılan müşahidələr göstərir ki, regionlarda QHT, Gənclər QHT-lərinin fəaliyyətinin və təcrübəsinin təkmilləşdirilməsinə ehtiyac var. Ölkədə QHT-lərin, gənclər təşkilatlarının əksər hissəsi paytaxt Bakı şəhərində və böyük şəhərlərdə fəaliyyət göstərir, regionlarda isə QHT-lərin formalaşması və inkişafı prosesi zəif gedir. Region QHT-lərinin, gənclər təşkilatlarının bir çoxu dövlət qeydiyyatından keçsələr də fəaliyyətsizdirlər. Bunun əsas səbəblərindən biri region QHT-lərində çalışan insan resursunun, kadrların olmamasıdır. Bu isə QHT-lərin donor institutları ilə aktiv işləməsinə mane olur, onun maddi-texniki bazasının yaranmasına mənfi təsir göstərir. Digər tərəfdən region gəncləri QHT yaratmaq və onu idarə etməklə bağlı lazımı biliklərə malik deyillər, bu isə onların bu işdə təşəbbüskar olmamasına səbəb verir".

B.Qarayev layihədən müəyyən nəticə gözlədiklərini bildirib. Onun fikrincə, bu layihənin fəaliyyəti vətəndaşların informasiya əldə edə bilmək və ictimai işlərdə iştirak etmək imkanlarının genişlənməsinə, demokratik vətəndaşlığın və könüllülük fəaliyyətinin inkişafına, qeyri-formal təhsilin imkanlarının tərəqqisinə şərait yaradacaq.

"Gənclərin ictimai həyata passiv münasibətinin dəyişdirilməsi məqsədi ilə aktiv informasiya kampaniyaları keçiriləcək, hər bir vətəndaşın iştirakının vacibliyi izah olunacaq, layihə bu sahədə gənclərin təşəbbüslərinin artmasına səbəb olacaq. İnformasiya və maarifləndirici xarakterli tədbirlərin həyata keçirilməsi nəticəsində bütövlükdə ictimai təşkilatların və üçüncü sektorun fəaliyyəti haqqında gənclərin məlumatlanma səviyyəsinin yüksəldilməsi gözlənilir. Bu da gənclərdə hüquqi dəyərlər və insan haqqlarının prinsiplərinə əsaslanan könüllülük mədəniyyətinin formalaşmasına səbəb olacaq. Biz şüurlu surətdə seçim edən və ictimai fəaliyyət sahəsində öz biliklərini dərinləşdirməyi qərara alan gəncləri qeyri-formal təhsilin müasir texnologiyalarının imkanlarından savadlı şəkildə istifadə etmə, ictimai maraqlar dairəsində ümumi fəaliyyətlərin təşkili və keçirilməsi mövzusunda təlimləndirəcəyik. Bu istiqamətdə bir neçə təlim yerinə yetiriləcək. Bu, maarif və təhsil istiqamətlərinin genişləndiriliməsi, müsbət təcrübənin yayılması vasitəsilə 3 regionda "üçüncü sektor"un möhkəmlənməsinə səbəb olacaq. Beləliklə, könüllülük əsasında aktiv sürətdə ictimai fəaliyyətlə məşğul olan aktivistlərin mühitinin genişlənməsi gözlənilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə