"Tofiq Yaqublunun həbsi ilə bağlı az qala tufan qoparırlar" ÖZƏL-MÜNASİBƏT

"Bu gün çox təəssüflər olsun ki, bəzi media orqanları Azərbaycan xalqını, bütün bəşəriyyəti narahat edən koronovirus təhlükəsindən danışmaq əvəzinə diqqəti lazımsız siyasi məsələlərə yönəltməklə və bəzi məsələləri siyasiləşdirməklə məşğuldur. Elə hesab edirəm ki, bu, düzgün yanaşma deyil". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, cəmiyyətin diqqətini başqa məsələlərə yönəltmək, cəmiyyətdə hadisələri bu gün siyasiləşdirmək yolverilməzdir: "Koronovirusla bəşəriyyət üçün çox ciddi təhlükədir. Amma bəzi qrup insanlar var ki, diqqəti ümummilli məsələlərdən şəxsi müstəviyə fokuslamağa çalışırlar. Buna misal olaraq bəzi siyasətçilərin bu günlərdə radikal düşərgənin fəallarından biri olan Tofiq Yaqublunun həbsi ilə bağlı az qala tufan qoparmasıdır. Söz yox ki, onların əksəriyyəti xarici ölkələrlə bağlıdır və o məsələdə canfəşanlıq edən sosial profillərin, platformaların çoxu xaricdən idarə olunur. Bu məsələyə o qədər yer ayırırlar ki, sanki Azərbaycanın başqa problemləri yoxdur, sanki ölkədə koronovirus baş alıb getmir. Hesab edirəm ki, bunlar hamısı bizim koronovirusla mübarizəmizdən diqqəti yayındırır, ölkə əhalisi arasında çaşqınlıq yaradır. Bu gün hər bir şəxs cinayət törədə bilər və hər bir şəxsin qanun pozuntusuna yol verməsi ehtimal olunur. Təbii ki, qanun pozuntuları ilə əlaqədar da məsuliyyətə, istintaqa cəlb oluna bilər. Amma bu o demək deyil ki, bunun ətrafında böyük bir tozanaq qoparmaq və siyasiləşdirmək lazımdır. Bununla bağlı qanun, hüquq, istintaq var.

Hesab edirəm ki, istintaq bu məsələləri araşdıracaq. Əlbəttə ki, Azərbaycan heç kim istəməz ki, kimsə əsassız olaraq həbsə atılsın. Azərbaycan demokratik və hüquqi dövlətdir. Bu istiqamətdə də Azərbaycan böyük uğurlar əldə edib. Düşünürəm ki, istintaqa təzyiq göstərmək əvəzinə, ictimai fikri çaşdırmaq əvəzinə əksinə istintaqa kömək etmək lazımdır və bu prosesin obyektiv, normal aparılmasını təmin etmək lazımdır. Bu gün Azərbaycan cəmiyyəti ağı-qaradan ayırmağı bacaran cəmiyyətdir. Bu gün Azərbaycan xalqı Azərbaycan dövlətinin, Prezidentinin ətrafında sıx birləşib".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə