“Evdə qalmaqla övladlarımızı, gələcəyimizi, həyatımızı qorumalıyıq" ŞƏRH_ÖZƏL

“Evdə qalmaqla övladlarımızı, gələcəyimizi, həyatımızı qorumalıyıq" ŞƏRH_ÖZƏL

"Bu gün bütün dünyanı lərzəyə salan, narahat edən yeganə problem koronavirusdur. Çox təəssüf ki, dünya ölkələrindən epidemiya ilə bağlı acı xəbərlər gəlir. Gündən-günə yoluxanların, ölənlərin sayı durmadan artır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Artıq Azərbaycanda da koronavirusa yoluxanların sayının 100 nəfəri ötdüyünü deyən deputat söyləyib ki, ölkəmizdə bu istiqamətdə tədbirlərin yolxuma halı qeydə alınmamışdan öncə başlanması sevindirici haldır: " Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə virusla mübarizə tədbirlərinə daha tez başlanıldı, epidemiyanın ölkəmizdə geniş yayılmaması istiqamətində mühüm addımlar atıldı ki, bura sərhədlərin, təhsil müəssisələrini, iaşə obyektlərinin bağlanması, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması, karantin rejiminin tətbiqi və digərləri daxildir. Lakin görülən işlər birtərəfli olmamalı, vətəndaşlar da bu işlərə dəstək göstərməlidirlər".

O söyləyib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti qoyulan qaydalara, qəbul edilən qərarlara riayət etsə də, hələ də bunu ciddiyə almayan, fəsadlarını düşünməyən insanlara da rast gəlinir: "Bu gün bütün televiziya kanalları, saytlar fəaliyyətini koronavirusla mübarizə məsələlərinə yönəldiblər. Ölkəmizdə bu istiqamətdə təbliğat yüksək səviyyədə olmasına baxmayaraq, nədənsə bəzi şəxslər verilən tapşırıqlara əməl etmək istəmir".

Ölkədə tətbiq olunan karantin rejimi ilə bağlı müvafiq tövsiyələrə əməl etməyən şəxslərə çağırış edən K. Əliyeva qeyd edib ki, həmin insanlar təkcə özlərini deyil, ailə üzvləri, eləcə də digərlərinin də xəstələnməsinə yol açır, bununla da xəstəliyin daha çox yayılmasına səbəb olur: "Bir insanın onlarla insanı yoluxdurmaq qabiliyyətinə malik olduğunu nəzərə alaraq, hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Əgər biz vacib məqam üçün dükana, əczəxanaya gediriksə və qarşımıza 65 yaşdan yuxarı şəxslər çıxırsa, onların yanından sadəcə ötməməli, qaydalarla bağlı onları məlumatlandırmalıyıq. Hər birimiz təbliğatçı olmalıyıq".

Qeyri-iş günlərindən, karantin rejimindən istirahət kimi istifadə edən şəxslərin olduğunu xatırladan deputat qeyd edib ki, bəzi valideynlər övladlarını parka heç bir tibbi maskadan, dezinfeksiyaedici vasitələrdən istifadə etmədən gəzməyə çıxardır ki, bu da yolverilməzdir: "Onlar bununla övladlarını, özlərini, eləcə də digər şəxsləri təhlükə altına qoymuş olur. Belə şəxslər xəstəliyin təhlükəli, yüksək yayılma sürətinə malik olduğunu anlamalıdırlar. Evdə qal şüarına riayət edərək, övladlarımızı, gələcəyimizi, həyatımızı, dünyamızı , Azərbaycanımızı qorumalıyıq. Hər kəs öz üzərində məsuliyyət hiss etməlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi biz birlikdə güclüyük. Ona görə də bu problemi tək ölkənin, hökumətin üzərinə qoymaqla deyil, öz üzərimizdə məsuliyyəti dərk etməklə aradan qaldıra bilərik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə