İctimai Palatadan cəlbedici təklif: “Mitinqdə iştirak əvəzində Avropada təhsil” - ANALİZ

İctimai Palatadan cəlbedici təklif: “Mitinqdə iştirak əvəzində Avropada təhsil” - ANALİZ
İctimai Palatada toplanmış partiyaların təhriki ilə gənclərin mitinqlərə, etiraz aksiyalarına cəlb olunmasının gizlinləri artıq ifşa olunmaqdadır. Əsasən Fransada oxuyan azərbaycanlı tələbələrin bu məsələdə aktivlik nümayiş etdirmələri, gənclərə rəhbərlik edirlərmiş kimi davranmaları təsadüf nəticəsində baş verməyib. Sual olunur: niyə məhz Fransada təhsil alan tələbələr etirazçılara rəhbərlik edirlər. Axı Fransada oturub Azərbaycandakıların dərdini necə çəkmək olar? Bu psixoloji cəhətdən də mümkün deyil. Çünki insanın güzəranı bir az yaxşılaşanda problemlər içində olanlardan fərqli olaraq, özünü çətinə salmaq istəmir, hadisələrə bir az soyuqqanlı yanaşır, səhvlərə maksimum az yol verir. Amma Fransadakı "bizimkilər" ərəb ölkələrində baş verən hadisələrin oxşarını sadəcə Azərbaycana daşımaqla qəhrəman olacaqlarını düşünürdülər.
Sualımıza qayıdaq, niyə Fransada oxuyan tələbələr? Səbəbini açıqlayaq (bunu bəlkə də çeynənmiş fakir kimi qəbul edənlər də tapılacaq). Fransada erməni lobbisi kifayət qədər geniş şəbəkəyə sahibdir. Hətta dövlətin müxtəlif strukturlarında da özlərinə yer salıblar. Təhsil sahəsində isə, necə deyərlər, "zığ verirlər". Yəqin ki, ifadədən başa düşdünüz. Axı, erməni professorların Fransa universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə əlaqəsi yox deyil. Belə olan təqdirdə kim zəmanət verə bilər ki, Azərbaycan gənclərinə facebook sosial şəbəkəsində "ağıl dərsi" keçən "modern tələbələr" erməni professorlarından "dərs" almayıblar?
Əldə etdiyimiz məlumatlar bizim ehtimallarımızın gerçək olduğunu sübuta yetirib. Bəli, cəsarətlə demək olar ki, bütün bu oyunlar Qərb dairələrinin ssenarisini cani-dildən həyata keçirən ermənilərin Azərbaycanda tətbiq etmək istədikləri inqilab modelidir. Həmin gənclərin ən böyük bəlası da odur ki, onlar nə etdiklərinin əsl səbəbini bir o qədər də dərk etmirlər. Onlara həmin ssenarinin yalnız bir hissəsini başa salıblar, inqilabın birinci mərhələsində nələrin həyata keçirilməsini deyiblər. Ərəb ölkələrində olduğu kimi. Bu gün inqilabların ilk mərhələsini keçmiş Tunis, Misir, Yəmən, Liviya "üsyançıları" bundan sonra nə etməli olduqlarını bilmirlər. Çünki onlara da inqilabların birinci mərhələsini başa salmışdılar. İndi həmin ölkələrin "inqilab fədailəri" girinc qalıblar. Artıq öz "ağalarına" qarşı çıxmağa başlayıblar.
Budur erməni ssenarisini Azərbaycanda həyata keçirmək arzusunda olan facebook-lu tələbələrin düşdükləri acınacaqlı vəziyyətdən sui-istifadə edən İctimai Palata etiraz aksiyalarının kütləviləşmədiyindən təşvişə düşərək müxtəlif yollar aramağa başlayıblar. Onlardan biri müxalifətin Avropa İttifaqının "eqidası" altında keçirilən gizli görüşdə müzakirə olunub və həlli yolları tapılıb. Bundan sonra qanunları, ictimai asayişi pozan, xuliqanlıq edən və buna görə həbs olunan tələbələr İctimai Palatanın və Avropa İttifaqının çətiri altında olacaqlar. İşdir, onları oxuduqları ali təhsil ocaqlarından qovsalar, ziyan yoxdur, təhsillərini Avropa ölkələrinin universitetlərində davam etbirə biləcəklər. Razılıq belə olub.
Bu da demokratiyanın İctimai Palata və Avropa İttifaqı tərəfindən yeni təcəssümü: ölkədə məxlətə sal, qazanılan nə varsa vur-dağıt, küçələrə çıxıb ictimai asayişi poz, kimsə sənə güldən ağır söz desə, bunu dövlətin ayağına yazıb, demokratiyanın olmadığını, söz azadlığının pozulduğunu deyəcəyik. Əsas odur ki, dövlət bizim dediklərimizlə oturub-dursun, Ermənistan tərəfindən işğal olunmuş və 20 ildir Minsk qrupunun da "vasitəçilik" etdiyi Dağlıq Qarabağ münaqişəsi ermənilərin xeyrinə həll olunsun, ikinci erməni dövlətinin yaranmasına Azərbaycan ikiəlli razılıq versin, üstəlik, Ermənistan adlanan tarixi torpaqlarımızdan və Dağlıq Qarabağdan, üstəlik ətraf 7 rayondan qovulmuş bir milyondan artıq azərbaycanlının problemləri ilə baş-başa qalsın. Bunun əvəzində Fransada və dünyanın əksər ölkəsini xərçəng kimi caynağına keçirmiş erməni lobbisinə milyardlar xərcləmək çətin deyil. Çünki, həmin milyardların hesabına 5 yox, 100 yox, lap min nəfər "modern tələbə", azdlıq həvəskarı, inqilab xəstəsi, demokratiya xülyasına yoluxmuş tapmaq daha asan olur.

Bütün xəbərlər Facebook səhifəmizdə