"Bu məsələdə laqeyidlik, başısoyuqluq, lağlağaya yol vermək olmaz" ÖZƏL-MÜNASİBƏT

"Bu gün koronovirus pandemiyası bütün dünyanı cənginə alıb, səhiyyəsi ən öndə gedən ölkələrdəki insanları qarışqa kimi öldürür. Hətta tabut belə çatışmır. Həmin ölkələr bu koronovirusa ilk başlarından laqeyd qaldılar. İndi də onun hesabını ödəyirlər. Bizim ölkəmizdə isə cənab Prezidentimizin bilavasitə rəhbərliyi altında bu işə ciddi nəzarət edilir". Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, dövlətimiz, hakimiyyət orqanlarımız özlərindən asılı olan hər şey edirlər amma çox şey vətəndaşdan asılıdır: "Axı biz bilməliyik ki, hər bir mənzilin qapısına, hər bir binanın həyətinə bir polis qoymaq mümkün deyil. İnsanlar dərk etməlidirlər ki, küçəyə çıxmaqla başqalarını yoluxdura bilərlər, eləcə də evə qayıtdıqda ailə üzvlərini yoluxdura bilərlər. Bu bütövlükdə milli faciəyə çevrilə bilər. Ona görə də bütün vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına və tövsiyyələrinə ciddi riayət etməlidirlər. Bu məsələdə laqeyidlik, başısoyuqluq, lağlağaya yol vermək olmaz. Dünya gözümüzün önündə dağılır. Milyonlarla insanın edə bilmədiyini gözlə görünə bilməyən bir virus edir. Dünya daha əvvəlki kimi olmayacaq. Biz də çalışmalıyıq ki, dövlətimizin, hökumətimizin göstərişlərinə riayət edək ki, bu bəladan az itki ilə çıxaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə