Politoloq: “ATƏT-i BMT ilə əvəz etmək istəsək belə həmin təşkilatda yenə də söz sahibləri ABŞ, Rusiya, Fransa olacaq”

Politoloq: “ATƏT-i BMT ilə əvəz etmək istəsək belə həmin təşkilatda yenə də söz sahibləri ABŞ, Rusiya, Fransa olacaq”

ATƏT-in Minsk qrupunun regiona səfərlərinin sayı kifayət qədərdir və davam edir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib. O, qeyd edib ki, münaqişənin həllində vasitəçilik edən qurumun səfərlərinin məntiqi sonluğu prezidentlərin görüşünün təyin edilməsi ilə bitir. Bu zəmində martın 5-də baş tutan Soçi görüşündən sonra münaqişənin həlli istiqamətində ümid yaransa da 9 yaşlı Fariz Bədəlovun erməni snayperçisi tərəfindən qətlə yetirilməsi, işğal altında olan Xankəndində hava limanın inşası və onun istifadəyə verilməsi ilə bağlı bəyanatları rəsmi İrəvanın niyyətini yenidən ortaya qoydu: "Gün kimi bizə aydın olan bir həqiqət yenə də qüvvəsindədir. Bu bir daha göstərir ki, Ermənistan tərəfi danışıqların immitasiyası ilə məşğuldur. Bunu da ATƏT-in gözü qarşısında edir. ATƏT-də hər şeyi gözəl dərk edir, amma Ermənistana heç bir təzyiq etmir. Belə çıxır ki, Ermənistan və həmsədrlərə "Status kvo" əlverişlidir. Bu fonda münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Bu nöqtəyi nəzərdən əgər mən bilsəydim ki, həmsədrlərin regiona bu səfərində özlərinin 2009-cu ildə irəli sürdüyü Yenilənmiş Madrid Prinsiplərini Ermənistana qəbul etdirib Bakıya gəlirlər, o zaman nəsə gözləməyə dəyər".

 

Faktaraşdırıcı missiyanın hazırladığı hesabat da tam deyildi. Politoloq vurğulayıb ki, səfərlərin ardıcıl və nəticəsiz olması insanları da yorub. Belə vəziyyətdə ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edilməsi gündəmə gəlir. Lakin məsələyə praqmatik yanaşanda vəziyyətin istənilən formada olmaması bəlli olur: "Hesab edək ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupundan imtina etmək istəyirik və etdik. Vasitəçilik missiyasını kimin boynuna qoyaq? Ən yaxşı halda BMT öz üzərinə götürəcək. Amma BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələr də kağız səviyyəsindədir, heç biri də real qüvvəyə malik deyil. Amma Liviya ilə bağlı qərar qəbul edildikdən bir neçə saatdan sonra BMT-nin qərarları dərhal yerinə yetirildi. Belə çıxır ki, BMT böyük dövlətlərin siyasi sifarişləri ilə aktiv və ya passiv ola bilir. NATO-ya gəlincə isə o bu məsələnin ATƏT-in mandatına uyğun olduğunu, AŞPA isə insan hüquqları ilə məşğuldur, Avropa İttifaqı da daha çox iqtisadi məsələlərlə bağlıdır. Belə olan təqdirdə toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu gün biz ATƏT-i BMT ilə əvəz etmək istəsək belə həmin təşkilatlarda yenə də söz sahibləri ABŞ, Rusiya, Fransa olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə