Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır - Əzizağa Qəni-zadə

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərsə də, ordumuzun ön xətdəki bölmələri tərəfindən layiqincə cavabını alıb.

SİA xəbər verir ki, bunu qoşunların təmas xəttindəki son vəziyyəti "AZƏRTAC"a şərh edən ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib.

Ə.Qəni-zadə qeyd edib ki, hadisələr Azərbaycan Ordusunun döyüş növbəsində ayıq-sayıq dayandığını, düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə almağa hazır olduğunu bir daha nümayiş etdirir. Heç kimə sirr deyil ki, Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat güclüdür və bunu beynəlxalq hərbi ekspertlərin tərtib etdiyi reytinq siyahıları da sübut edir.

Son zamanlar Ermənistanda baş verən siyasi və hərbi hadisələri izləyərkən görürük ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmadı və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir.

Bu ölkədə iqtisadi problemlər getdikcə dərinləşməkdədir. Ermənistan ordusuna gəlincə, deməliyəm ki, hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Təbii ki, bu proseslər döyüş qabiliyyətinin aşağı olmasını göstərən amillərdir.

Onu da əlavə etmək lazımdır ki, bu ölkədə koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxma təhlükəsi artmaqdadır. Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, mövcud vəziyyəti dərin böhran kimi dəyərləndirir, eyni zamanda, N.Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Əgər hakimiyyət bu imtahandan çıxa bilməsə, erməni əhalisini ciddi sınaqlar gözləyir. Hadisələrin gedişi göstərir ki, populist rejim bu sınaqlardan çıxmağa hazır deyil.

“Ermənistanda vəziyyətin mürəkkəbliyini baş nazir də dərk edir. Ona görə təmas xəttində təxribat cəhdi Ermənistanın ağır günlərində yerli əhalinin diqqətini ölkədaxili problemlərdən yayındırmağa hesablanıb. Hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan torpaqlarının işğalı İrəvan üçün ağır yükə çevrilib və bu “ballastdan” azad olmayınca, işğal edilmiş əraziləri tərk etməyincə, bir sözlə, Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq”, -deyə Ə.Qəni-zadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə