Bu güvənc hissi xalq-iqtidar birliyinin təcəssümü olaraq dəyərləndirilir! ANALİTİK

Prezident İlham Əliyev: "Qəbul edilmiş konkret qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır"

Prezident İlham Əliyevin siyasi strategiyasının əsas qayəsi xalq-iqtidar birlik və etimadını möhkəmləndirmək və bu istiqamətdə gedən prosesləri daha da təkmilləşdirməkdən ibarətdir. Mövcud olan bu reallıq həm də belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan xalqının birliyi və həmrəyliyi istənilən təhlükənin ayaq açıb, genişlənməsinin qarşısını almaq gücündədir.

Bütün bunların tərkibində dayanan daha bir amil sosial siyasət və onun başlıca missiyası olan insanlıq faktorudur

Əbəs deyil ki, ölkə başçımız AzTV-yə verdiyi müsahibəsində bir sıra mühüm məqamlara toxunaraq, əhəmiyyətli tezislərini xalqa çatdırdı. Bu baxımdan da düşünmək mümkündür ki, məhz milli birliyimizin, həmrəyliyimizin möhkəmliyi qarşıda dayanan vəzifələrin öhdəsindən uğurla gələcəyi anonsunu verir.

Bu gün dünya neftin qiymətinin kəskin azalması fonunda, eyni zamanda koronavirus təhlükəsi ilə mübarizə aparır, amansız infeksiyanın qarşısının alınması üçün bəşəriyyət əlində olan bütün imkanlardan istifadə edir. Azərbaycanda da həmin təhlükənin qarşısının alınması istiqamətində bütün təxirəsalınmaz işlər aparılır, xalqın, vətəndaşın yanında dayanan dövlət maksimum gücünü səfərbər edərək, bir sıra addımlarını reallaşdırır.

Söz yox ki, bütün bunların tərkibində dayanan daha bir amil sosial siyasət və onun başlıca missiyası olan insanlıq faktorudur. Çünki dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dövlətinin əsas qayəsi vətəndaşlarının sağlamlığının, rifah halının qorunması, həyat səviyyəsinin daha da yaxşılaşmasından ibarətdir.

Dövlətimizin başçısı: "Xalqımızın adət-ənənələri, milli dəyərləri bizə bu virusla mübarizədə kömək edəcək"

Sözügedən müsahibəsində "Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir", deyə vurğulayan ölkə rəhbərimiz həmçinin bildirib ki, bu gün müxtəlif kataklizimlər və qlobal hadisələr fonunda Azərbaycanda aparılan siyasət öz davamlığını qoruyub-saxlayır. SİTAT: "Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur".

Prezident İlham Əliyev koronavirusla mübarizədə atılan addımlarla bağlı da bir sıra məsələlərə toxunaraq bildirib ki, önləyici tədbirlər həmin təhlükənin daha geniş yayılmasının qarşısını almağa yönəlib. "Qəbul edilmiş konkret qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır", deyən ölkə liderimiz həmçinin vurğulayıb ki, məhz milli həmrəylik, məsuliyyət, milli birliyimiz bizə bu xəstəliyə qalib gəlməyə imkan verəcək. Bəli, məhz həmrəylik və məsuliyyət istənilən təhlükənin qarşısını almaq qadirindədir ki, Azərbaycan xalqında bu məfhum əsrlərdən bəri formalaşıb. Bu baxımdan da, dövlət başçımız müsahibəsində qeyd edib ki, xalqımızın adət-ənənələri, milli dəyərləri bizə bu virusla mübarizədə kömək edəcək.

Vətəndaş dövlətin apardığı mübarizədə öz dəstəyini tələb edilən qaydalara riayət etməklə göstərə, karantin rejiminə əməl etməklə töhfəsini verə bilər

Ümumiyyətlə, Prezident İlham Əliyevin bu ətrafda irəli sürdüyü bütün fikirləri bir daha qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, dövlətin xalqın yanında olması eyni zamanda vətəndaşların öz üzərilərindəki məsuliyyət hisslərini artırmalıdır. Daha dəqiq desək, vətəndaş dövlətin apardığı mübarizədə öz dəstəyini tələb edilən qaydalara riayət etməklə göstərə, karantin rejiminə əməl etməklə töhfəsini verə bilər. Bu, eyni zamanda ümummilli məsuliyyət olaraq anlaşılmalıdır. Bu gün hər bir azərbaycanlı yalnız öz dövlətinə, Prezidentinə güvənir, bu güvənc hissi xalq-iqtidar birliyinin təcəssümü olaraq dəyərləndirilir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə