Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.


SİA-nın xəbərinə görə, dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq 2011-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini qeyd etdi. Bu müddət ərzində qeyri-neft sektorunda artımın qeydə alındığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əsas məqsəd bu sektoru inkişaf etdirmək, iqtisadiyyatın neft və qaz amilindən asılılığını azaltmaqdır.


İlin ilk üç ayında sənaye istehsalının 0,3 faiz artdığını deyən Prezident İlham Əliyev sənayenin inkişafında mühüm amil kimi ölkədə qeyri-neft sənayesinin 9,8 artmasını qeyd edərək, hazırda neft hasilatının yüksək həddə çatdığını, növbəti illərdə qaz istehsalının da artacağını dedi.


Prezident İlham Əliyev ölkənin valyuta ehtiyatlarının 34,7 milyard dollara çatdığını və bunun ilin sonuna qədər artmaqda davam edəcəyini bildirdi. Bütün bunlar Azərbaycanda böyük investisiya layihələrinin icra edilməsi fonunda baş verir. Bu isə ölkəmizin iqtisadi və maliyyə gücünün göstəricisidir. Dövlətimizin başçısı bütövlükdə iqtisadi sahədə bütün tapşırıqların yerinə yetirildiyini, sosial sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirildiyini bildirdi.


Prezident İlham Əliyev informasiya-kommunikasiya sektorunun çox dinamik şəkildə inkişaf etdiyini bildirərək, ölkəmizdə süni peykin yaradılması proqramının da icra edildiyini vurğuladı. Hərbi sənaye potensialının sürətlə inkişaf etdiyini söyləyən Prezident İlham Əliyev respublikamızda müxtəlif adda müasir hərbi sənaye məhsullarının istehsal olunduğunu nəzərə çatdırdı.


Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən, bu məsələdə ölkəmizin mövqeyinin birmənalı olduğunu dedi. Bildirdi ki, münaqişə ilə bağlı aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və heç bir şərt irəli sürülmədən ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.


Sonra maliyyə naziri Samir Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov rəhbərlik etdikləri qurumların ilin birinci rübündəki fəaliyyəti barədə məlumat verdilər.


Müşavirəyə yekun vuran Prezident İlham Əliyev dünya bazarlarında neftin bahalaşmasının inflyasiya risklərini artıra biləcəyinə toxunaraq, müvafiq tədbirlərin gücləndirilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev istehlak qiymətlərinə nəzarətin olduğunu, daim monitorinq aparıldığını və inhisarçılığa qarşı mübarizənin həm idxalda, həm daxili istehsalda daha da güclü olması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Nəzərə çatdırdı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi öz nəticələrini verir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.


Prezident İlham Əliyev Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunduğunu, təhlükəsizlik tədbirlərinin çox güclü, kriminogen durumun yaxşı olduğunu diqqətə çatdırdı.


Dövlət başçısı bütün bu işlərin görülməsi üçün büdcəyə əlavələrin edilməsinin vacibliyini bildirərək, ölkədə bütövlükdə işlərin yaxşı getdiyini, bunu 2011-ci ilin ilk üç ayının yekunlarının da təsdiqlədiyini söylədi.

Bütün xəbərlər Facebook səhifəmizdə