AMİP-in Kürdəmir rayon təşkilatı buraxıldı

AMİP-in Kürdəmir rayon təşkilatı buraxıldı

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Kürdəmir rayon təşkilatı fəaliyyətinin dayandırılması ilə bağlı yığıncaq keçirib. SİA-ya daxil olan məlumata görə, toplantıda təşkilatın 15 üzvündən 13-ü, həmçinin yığıncağın sədri və katibi iştirak edib.

 

Partiyanın Kürdəmir rayon təşkilatının sədr müavini Nazim Rəhimov bildirib ki, AMİP rəhbərliyi qondarma bir qurum olan İctimai Palataya qoşulmaqla aprel ayının 2-də radikallıq nümayiş etdirərək sabitliyi və əmin-amanlığı pozmağa çalışıblar. O, AMİP-in sıralarını tərk etməklə rayon təşkilatını fəaliyyətinə son qoymağı təklif edib. Daha sonra çıxış edən partiya üzvləri də qeyd ediblər ki, ölkəni xaosa sürükləyən, dövlətin milli maraqlarına zidd hərəkətlər edən partiya rəhbərliyi ilə bir sırada olmaq istəmirlər. Onalrın da təklifi eyni olub: AMİP-in sıralarını tərk edək. Çıxışlardan sonra təklif səsə qoyulub və 14 nəfər təklifin lehinə səs verib.

 

Əldə etdiyimiz digər bir məlumata görə, Kürdəmir rayonunda fəaliyyət göstərən bir qrup müxalifət partiyasının üzvləri birgə bəyanat verib. Bəyanatı imzalayan 7 nəfər (2-i AXCP, 4-ü Müsavat, 1-i isə Ümid Partiyasının üzvüdür) bildiriblər ki, müxalifət liderlərinin müstəqilliyimizə qarşı hərəkətləri üzv olduqları partiyalara inamsızlıq və nifrət hissi yaradıb. Vurğulanıb ki, məhz buna görə də üzv olduqları müxalifət partiyalarından istefa verərək Yeni Azərbaycan Partiyasına keçməyi bəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə