Ölkənin yol-nəqliyyat strukturunda hansı yeniliklər olacaq?

Ölkənin yol-nəqliyyat strukturunda hansı yeniliklər olacaq?
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısının inşası layihəsi çərçivəsində tikinti işləri bərpa olunub. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamaısnda nəqliyyət nazirinin müavini Musa Pənahov məlumat verib. O bildirib ki, qış mövsümü ilə əlaqədar işlər dayandırılıb. Hazırda isə tikinti və yenidənqruma işlərinin davam etdirildiyini deyən nazir müavini qeyd edib ki, layihə çərçivəsində cari il ərzində də işlər aparılacaq. Onun sözlərinə görə, 2011-ci ildə tikinti sahəsində əsas işlər, o cümlədən Marabada-Axalkalaki hissəsində yenidənqurma işlərinin icrası təşkil eidləcək.

M.Pənahov həmçinin ölkədaxili nəqliyyat yollarının inşası ilə bağlı sualları da acavblandırıb. O vurğulayıb ki, hər gün Bakıdan Sumqayıta və əks istiqamətdə böyük həcmdə sərnişin axını müşahidə olunur. Onun sözlərinə görə, bu ilin sonuna kimi Azərbaycanın Bakı və Sumqayıt şəhərləri arasında yüngül relsli nəqliyyatın yekun variantının tətbiqi ilə bağlı qərar qəbul ediləcək: "İki şəhər arasında sərnişindaşımanın yaxşılaşdırması üçün Koreya və Fransa şirkətləri tərəfindən yüngül relsli nəqliyyatın əlaqəsinin qurulması təklif olunub. Sözügedən nəqliyyat tramvay və ya metroya bənzər olacaq və Bakı-Sumqayıt avtomobil yolunda hərəkət yükünü azaldacaq. Bununla yanaşı, Bakı ilə Sumqayıt arasında metro xəttinin tikintisi də təklif olunur. Yekun variant isə cari ilin sonuna kimi müəyyənləşəcək. Bakı ilə Sumqayıt arasında yüngül relsli nəqliyyat yolunun uzunluğu 28 km təşkil edəcək".

Nazir müavininin sözlərinə görə, Nəqliyyat Nazirliyi eyni zamanda "20 Yanvar" dairəsində hərəkəti daha da sadələşdirmək üçün variantları araşdırır. O qeyd edib ki, Heydər Əliyev prospekti-Mərdəkan dairəsi-Bilgəh-Nardaran-Pirşağı və Quba-Rusiya sərhədi magistralına çıxan yolun inşası gələn ilin ortalarında başa çatdırılacaq. O vurğulayıb ki, layihə artıq öz icrasını tapıb və işlər sürətlə davam etdirilir.
Nazir müavini onu da əlavə edib ki, bu ilin sonunadək Buzovna-Mərdəkan-Qala yolu da istifadəyə veriləcək. Burada əvvəllər elektrik yolunun olduğunu deyən M.Pənahovun fikrincə, hazırda tikilən yeni avtomobil yolu gələn ilin sonunadək başa çatacaq: "Bundan əlavə, Zığ-Bakı aeroportu şossesindən Qala qəsəbəsinə də yol çəkiləcək. Həmçinin Sumqayıtdan Qaradağa uzunluğu 41 km təşkil edəcək dövrləmə yol tikilir. Bu avtomobil yolu ağır çəkili avtomobillərin Bakının mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə