Xələf Xələfov: “Bakıda keçirilən sammitindən sonra işçi qrupunun iclaslarını təşkil etmək mümkün olmayıb” - MÜNASİBƏT

Xələf Xələfov: “Bakıda keçirilən sammitindən sonra işçi qrupunun iclaslarını təşkil etmək mümkün olmayıb” - MÜNASİBƏT
Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin Bakıda qəbul olunan qərara əsasən, 2011-ci il Moskvada keçirilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, hər bir halda sammitin keçirilməsi üçün razılaşma işləri mütləq aparılmalıdır. Onun sözlərinə görə, sammitə ev sahibliyi edəcək Rusiya bu işlərə yaxın zamanlarda başlamalıdır, ancaq hələ ki başlamayıb: "İndidən cari ilin sonuna kimi sammitin keçiriləcəyinin mümkün olacağını söyləmək çətindir. Çünki sammiti keçirmək qərarı dövlət başçılarından asılıdır. İkincisi isə Rusiya tərəfi qalan vaxt ərzində bu prosesə başlaya bilər. Birinci sammitin qərarları ilə bağlı təəssüf ki, biz hələ müzakirəyə başlaya bilməmişik. Biz 1-2 dəfə görüşün keçirilməsi tarixini təklif etmişik, ancaq bu bütün dövlətlər tərəfindən təsdiq olunmadığına görə görüş təxirə salınıb. Ancaq ekologiya məsələləri üzrə, yəni nərə balıqlarının vəziyyəti ilə əlaqədar Astanada görüş keçirilib".

Nazir müavini təəssüflə qeyd edib ki, Bakıda keçirilən sammitindən sonra işçi qrupunun iclaslarını təşkil etmək mümkün olmayıb. Növbəti işçi qrupunun iclasının Bakıda keçirilməli olduğunu deyən X.Xələfov vurğulayıb ki, bununla bağlı iki dəfə tarix təklif edilib: "Xəzəryanı ölkələrin hamısı bu tarixi təsdiq etmədi və ona görə bu görüş təxirə salındı. Son olaraq aprelin sonu bu tədbirin Bakıda keçirilməsini nəzərdə tuturduq. İştirakçı dövlətlərə bu barədə təklifimizi vermişdik. Amma yenə də bütün dövlətlərdən təsdiq almadığımıza görə yəqin ki, yeni tarix fikirləşməli olacağıq. Tarixi razılaşdıra bilsək, bunu reallaşdıracağıq. Növbəti sammit Rusiyada keçiriləcək və və sammitin hazırlıq işləri ilə əlaqədar rəsmi Moskva müvafiq işləri təşkil etməlidir".

Jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı aparılan danışıqların hazırkı durumu barəsində də məlumat verib: "Gürcüstanla sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar prosesi davam etdirilir. Bununla əlaqədar daimi fəaliyyət və müvafiq işlərlə məşğul olan hər iki tərəfdən nümayəndə heyətləri var". O bildirib ki, danışıqlar prosesi 2011-ci ildə də davam etdiriləcək. Nazir müavinin sözlərinə görə, yaxın zamanlarda işçi qruplarının görüşlərini və yerlərdə müvafiq işlərin aparılmasına başlanacaq.

"Bundan sonra, hərbi komissiyanın sədrləri səviyyəsində məsləhətləşəmələrə başlayacağıq. Komisisyanın işinin tarixini razılaşdırıb bunu Gürcüstanda keçirəcəyik. Müəyyən sahələr üzrə fikir ayrılıqları var və biz də bütün bu məsələlər üzərində işlərimizi davam etdiririk", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə