“COVİD-19"-la mübarizədə bütün gücümüzü səfərbər etməliyik” – İSA HƏBİBBƏYLİ
“Bu gün kimsə şübhə etməməlidir ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır və hökumət tələb olunan bütün müvafiq tədbirlərini görür, önləyici planlarını realizə edir”. Bu fikirləri SİA-ya AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, infekksiya yayan virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və mübarizə xarakterli tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcək: “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti bu pandemiya şəklinə alan və qloballaşan problemlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib, müəyyən olunmuş qərarlar qəbul edib. Ümumiyyətlə, ölkədə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması da bu baxımdan çox mühümdür: “Artıq hər kəs öz üzərində məsuliyyət hiss edərək anlamalıdır ki, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Məhz buna görə də sosial izolyasiya qaydaları və digər tədbirlər bütövlükdə təqdirlə qarşılanır. Bu tədbirlər bütün dünya ölkələrində həyata keçirilir ki, bütövlükdə bəşəriyyət qısa zamanda həmin infeksiyadan qurtula bilsin”.
Millət vəkili qeyd edib ki, dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda yoluxucu infeksiyanın Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür: “Ona görə də, hesab edirəm ki, hər bir vətəndaş bu gerçəkliyi dəstəkləməlidir. Yəni nəzərdən qaçmamalıdır ki, vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin müsbət məcraya yönəlməsi istənilən nəticəni verə bilməz”.
İsa Həbibbəyli onu da bildirib ki, COVİD-19 son günlər Avropa ölkələrində çox sürətlə yayılır və yoluxma halları sürətlə artmaqdadır: “Bu səbəbdən də bir sıra Avropa dövlətlərində ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq olunur. Ancaq Azərbaycanda zamanında və vaxtında görülən qabaqlayıcı tədbirlər ölkəmizdə virusun yayılması prosesini zəiflədib. Bir daha təkrar edir və düşünürəm ki, mübarizə üsulunda əsas məsələlərdən biri bu tədbirlərə birmənalı ictimai dəstəyin göstərilməsidir. Həmin məsələ ümummilli olmalıdır ki, ona qalib gələk. Ümumiyyətlə, tədbirlərin effektivliyini maksimum dərəcədə təmin etmək üçün vətəndaşların iştirakı və dəstəyi lazımdır. Eyni zamanda, əhali sosial şəbəkələrdə yayılan qeyri-ciddi məlumatlara deyil, rəsmi mənbələrin informasiyasına inanmalıdır. Əbəs deyil ki, Milli Məclisin son toplantısında müəyyən cəzaların sərtləşdirilməsi ilə bağlı da qərar qəbul olundu. Artıq bizlərin hər biri işindən, ranqından, vəzifəsindən asılı olmayaraq, COVİD-19-la mübarizədə bütün gücümüzü səfərbər etməliyik”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB