Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İsmayıllı rayon təşkilatının üzvləri bəyanat verib. SİA-ya daxil olan məlumata görə, 8 nəfərin imzaladığı bəyanatda bildirilib ki, 2006-cı ildən başlayaraq partiyanın rayon təşkilatının fəaliyyəti yox dərəcəsindədir. Bəyanatı imzalayan şəxslər AMİP-in rayon təşkilatının fəaliyyət göstərmədiyinə görə buraxıldığını vurğulayıb.
Daha bir bəyanatı isə Müsavat Partiyası Saatlı rayon təşkilatının 5 üzvü verib. Bəyanatda bildirilir ki, radikal düşərgənin məqsədi respublikada qarşıdurma yaratmaq və nəticə etibarilə beynəlxalq imicimizə ləkə gətirməkdir.
Bəyanatda daha sonra deyilir: "Mitinqdən əvvəlki vaxtlarda bizi və partiyadaşlarımızı aldadaraq hakimiyyətə gələcəkləri barədə danışdıqlarının hamımızın gözü qarşısında yalan olduğu ortaya çıxdı. Partiya insanlığa sığmayan niyyətlərinə çatmaq üçün xalqımıza yaraşmayan, dövlətçiliyimizin əleyhinə bütün vəhşiliyə hazırdır. Partiyanın İctimai Palata adı altında birləşib çirkin əməllər törətmək istəyinin və sosial bazasının zəifliyinin şahidi olduq. Artıq biz belə bir siyasi təşkilatın sıralarında qalmağa heç bir lüzum görmürük. Ona görə də Müsavat partiyasından çıxdığımızı vicdanımızın hökmü ilə rəsmi şəkildə bəyan edirik. Bütün Azərbaycan vətəndaşları kimi biz də bəyan edirik ki, müstəqil Azərbaycanın xoşbəxt gələcəyi xalqımıza uğurla rəhbərlik edən İlham Əliyevin adı ilə bağlıdır. Odur ki, biz də Müsavatın radikal aksiyasının, onların xalqımızın və dövlətimizin əksinə yönəlmiş hərəkətlərinin qarşısının alınmasını tələb edirik və qanunsuz əməlləri qətiyyətlə pisləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB