Məhərrəm Əliyevin cəbhə xəttinə səfəri nə ilə bağlıdır? ÖZƏL - AÇIQLAMA

Məhərrəm Əliyevin cəbhə xəttinə səfəri nə ilə bağlıdır? ÖZƏL - AÇIQLAMA

"General-polkovnik Məhərrəm Əliyevin cəbhə bölgəsinə səfəri ilk növbədə tanışlıq xarakteri daşıyır. Bununla bağlı Prezident üçün bir hesabat hazırlanacaq". Bu sözləri SİA-ya açıqlamasında hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Prezident İlham Əliyevin göstərişi ilə Müdafiə naziri Zakir Həsənov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev ön xətdə yerləşən hərbi hissəyə səfərini şərh edərkən deyib.

O bildirib ki, general-polkovnik Məhərrəm Əliyevin və ümumiyyətlə, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin cəbhə bölgəsinə səfəri ilk növbədə tanışlıq xarakteri daşıyır: "Məhərrəm Əliyev Prezident İlham Əliyevin hərbi məsələlər üzrə köməkçisi, Müdafiə məsələləri şöbəsinin müdiri təyin olunduqdan sonra Beyləqan istiqamətində döyüş məntəqələrində olmamışdı və buradakı vəziyyəti öz gözləri ilə görmək istəyirdi.

Böyük ehtimalla, bununla bağlı Prezident üçün bir hesabat hazırlanacaq. Nəzərə alsaq ki, Prezident, Ali Baş Komandan mütəmadi olaraq bu məsələlərlə bağlı rəhbərliyin məlumatını alır, lakin bütün bunlarla yanaşı özünün yanında olan Hərbi şöbənin məsul şəxsləri vasitəsilə də bu məsələlərlə bağlı müəyyən məlumatlar əldə edir".

Bununla bağlı narahatçılığa əsas olmadığını vurğulayan ekspert bu səfəri general-polkovnik Məhərrəm Əliyevin özünün təşəbbüsü adlandırıb və bildirib ki, bu addım müvafiq məsələlərlə mütəmadi məşğul olmaqla bağlı atılmış addımdır: "Hazırda cəbhə bölgəsində nəyə etiyac varsa bunu Ali Baş Komandana məruzə etmək istəyirlər. Bu səfər həm də Novruz bayramı ərəfəsində əsgərlərin vəziyyəti ilə yaxından tanış olmaqdan irəli gəlir. Bilirsiz ki, ölkədə karatin rejimi ilə əlaqədar valideynlər bir qədər narahatdır. Buna görə də belə bir addıma ehtiyac var idi. Hər il bu tip görüşlər keçirilir və keçiriləcək. Novruz bayramı ərəfəsində Müdafiə Nazirliyi rəhbərliyi konkret şəxsləri ayrı-ayrı hərbi hissə və birləşmələrə təhkim edirlər. Həmin şəxslər də hərbi hissələrə gedir və orada yoxlamalar həyata keçirirlər".

Üzeyir Cəfərov eyni zamanda Ermənistan tərəfin son vaxtlar cəbhə xəttində atəşkəsi müxtəlif istiqamətlərdə tez-tez pozması və təxribata meyillilik hallarının artmasına da münasibət bildirib: "Mart ayı cəbhə bölgəsində həmişə çox gərgin ay hesab olunur. Bunun bir sıra səbəbləri var. Səbəblərdən biri odur ki, Azərbaycan öz milli bayramı Novruz bayramını qeyd edir. Hələ 90-cı illərdə də atəşkəs sazişinə qədər düşmən mütəmadi olaraq məhz mart ayında çalışırdı ki, bizim bayram əhval-ruhiyyəmizi korlasın. Bununla bağlı atəşkəs daha çox pozulur və təxribatların sayı artırdı. Bu il də həmçinin eyni hallar istisna deyil.

Lakin bu o demək deyil ki, təxribatlar sırf bayramla əlaqədardır. Aprel ayı ermənilərin qondarma soyqırımı ilə bağlı dönəmidir. Buna görə də onlar çalışırlar ki, Azərbaycan ordusunun ovqatını korlasınlar. Eyni zamanda bu il Ermənistan tərəfi onlarla itki verib. Yanvar ayının əvvəlindən bu günə qədər özləri də etiraf edir ki, çoxlu sayda ölən və yaralananlar var. Bu da cəbhə xəttindəki gərginliyin artmasında müəyyən rol oynayır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə