Rəcəb Tayyib Ərdoğan Fransaya gedir

Rəcəb Tayyib Ərdoğan Fransaya gedir

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu həftə Fransaya gedir. SİA-nın xəbərinə görə, Türkiyə hökumətinin başçısı rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi Avropa Şurası Parlament Assambeyasının yaz sessiyasında iştirak edəcək.

Aprelin 13-də Ərdoğan AŞ PA sessiyasına qonaq hökumət başçısı qismində avropalı parlamentarlara səslənəcək. Baş nazir Avropa Şurasının baş katibi Törbörn Jaqlandla da görüşəcək.

Ərdoğan Strasburq səfəri çərçivəsində Fransa və Almaniyada yaşayan türklərlə bir araya gələcək. 5000 Türkiyə vətəndaşına səslənəcək Ərdoğanı səfərdə və bu görüşdə xarici işlər naziri Əhməd Davudoğlu müşayiət edəcək. Davudoğlu da sessiyada AŞ Nazirlər Komitəsi sədri qismində çıxış edəcək.

Strasburqda Türkiyə adına daha bir ilk də yaşanacaq.

Diyanət işləri başqanı Mehmet Görməz islam dininin təmsilçisi olaraq parlamentdə danışacaq, sivilizasiyalararası dialoqda dinin əhəmiyyətindən bəhs edəcək.

Ortodoks, katolik, yəhudi və evangelist təmsilçilərinin də qatılacağı toplantıda Görməz Quranın yandırılmasına qədər artan provokativ davranışlarla bağlı narahatlığını ifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə