Azay Quliyev: “Xarici ölkə səfirlərinin müxalifət rəhbərləri ilə görüşü diplomatik etikaya və beynəlxalq konvensiyalara uyğun gəlmir”

Azay Quliyev: “Xarici ölkə səfirlərinin müxalifət rəhbərləri ilə görüşü diplomatik etikaya və beynəlxalq konvensiyalara uyğun gəlmir”

Müxalifət bütün dövlətlərdə mövcuddur. Amma heç bir dövlətdə diplomatik nümayəndəliklərlə belə gizli görüşlər keçirilmir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azay Quliyev Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici ölkə səfirlərinin müxalifət rəhbərləri ilə görüşünə münasibət bildirərkən deyib. O, qeyd edib ki, diplomatik nümayəndəliklər tərəfindən atılan bu addım düzgün yanaşma deyil. Belə ki, hər hansı dövlətin səfirliyinin və beynəlxalq təşkilatın gizli gündəmi olmamalıdır: "Əgər bu görüşdə gilzi nəsə müzakirə olunubsa, bu nə diplomatik etikaya nə də ki, beynəlxalq konvensiyalara uyğun gəlmir. Hesab edirəm ki, bu doğru deyil və ən azından etik baxımından orada-burada gizli görüşlər yolverilməzdir. Baxmayaraq ki, bu cür görüşlər ictimaiyyətə həddindən artıq pafos şəklində təqdim olunur. İstənilən halda yanaşmada ciddi səhvlər var".

 

Millət vəkili qeyd edib ki, gündəliyi bəlli olmayan, qapalı keçirilən görüşün təfərrüatları bəlli olmalıdır: "Azərbaycanda akkreditə olunan beynəlxalq təşkilatlar ölkədaxilidə bir qrup siyasi partiyalar ilə nələrin müzakirə etdiyini bildirməlidir. Əgər bu gizlidirsə, kimin mənafeyinə xidmət edir? Yox burada ümummilli, ictimai məsələlər varsa niyə ictimaiyyətdən gizlədilir? Yaxşı olar ki, bu cür görüşlər mətbuatın iştirakı ilə keçirilsin və hamı qarşı tərəfin səsləndirdiyi bəyanatları duysun. Belə bir təcrübənin tətbiqi Avropa ölkələrində baş tutsaydı, məncə, bu o qədər də yaxşı qarşılanmazdı. Onlar ilk öncə öz mandatlarına uyğun hərəkət etməlidirlər. Diplomatiya haqqında qanunvericiliyə riayət etməlidirlər. Çünki onlar öz ölkələrinin maraqlarını, ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi maraqları inkişaf etdirmək üçün burada təmsil olunurlar. Onlar isə əksinə hər hansi bir siyasi qüvvənin maraqlarını dəstəkləyirlər. Bəlkə o görüşdə antiazərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maneçilik törədəcək məsələlər müzakirə olunub. Bunu mən hardan bilim? Mən hardan bilim ki, orada görüş zamanı Azərbaycanın milli maraqlarını təhdid edən danışıqlar getməyib? Bu sualları qaldırmaq lazımdır. Mən şəxsən narahatam ki, Dağlıq Qarabağ münaqişəsinin həssas bir vaxtında Azərbaycana əlavə bir təzyiqlə bağlı bir razılığa gəlindi ya yox? Məni düşündürən budur. Hesab edirəm ki, bu görüş daha çox diplomatik nümayəndəliyin üzvlərini narahat etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə