"Bu təxribatdır, Ermənistan Rusiyanın əli ilə bizi vurmaq istəyir" ÖZƏL - AÇIQLAMA
"Ermənilər hazırda təxribata hazırlaşırlar. Onlar bizi Rusiyanın əli ilə vurmaq istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, siyasi ekspert Mübariz Əhmədoğlu son vaxtlar Ermənistanın Azərbaycan ilə olan dövlət sərhəd xəttində atəşkəsi müxtəlif mövqelərdən tez-tez pozmağa cəhd etməsini şərh edərkən deyib.
O bildirib ki, Ermənistanın bu cəhdləri son dövrlərdə baş verən iki əsas hadisə ilə bağlıdır: "Ötən ayın sonlarında İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iclas keçirdi. Həmin iclasda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin KTMT-ni Ermənistanın, hətta Dağlıq Qarabağ məsələsində "təhlükəsizlik yastığı" adlandırdı. Vəziyyəti izlədiyim müddət ərzində deyə bilərəm ki, Rusiya səfirindən, ümumiyyətlə Rusiya diplomatlarından belə bir ifadəni ilk dəfə idi ki, eşidirdim. Həmişə Rusiya, ümumiyyətlə KTMT Dağlıq Qarabağ məsələsindən özünü kənarda saxlayıb. KTMT özü Ermənistanın təhlükəsizliyinə hər cür zəmanət verib. Lakin, Dağlıq Qarabağ məsələsində özünü həmişə kənarda saxlayıb. İlk dəfə idi ki, səfir Sergey Kopırkin belə bir bəyanatla çıxış edirdi".
Politoloq Ermənistanın sərhəd xəttindəki təxribatlarına ikinci səbəb kimi isə Türkiyə və Rusiya arasındakı siyasi gərginliyi misal gətirib: "İkinci səbəb isə elə yaxın zamanlarda baş verən prosesləri əhatə edir. Rusiya ilə Türkiyə arasında İdlib, Suriyada vəziyyətin gərginləşməsidir. Ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədində həm Qazax istiqamətində, həm də Naxçıvan istiqamətində vəziyyəti gərginləşdirməyə çalışırlar və bura Rusiyanı cəlb etmək istəyirlər ki, Rusiya Azərbaycana hər hansı bir tərzdə reaksiya göstərsin. Ermənistan tərəfinə görə, güya, Azərbaycan Türkiyə ilə birləşib Dağlıq Qarabağda müharibə edə bilər və güya bunun da əlaməti olaraq Azərbaycan sərhəddə təxribat törədir. Təbii ki, bununla əlaqədar bizim hərbi cavablarımız yerindədir və ermənilərin təxribatlarını neytrallaşdırır. Düşünürəm ki, eyni zamanda siyasi cavablarımız da yerində olmalıdır ki, biz bir daha erməniləri yerində oturtaq".
Mübariz Əhmədoğlu qeyd edib ki, bir sözlə Ermənistan təxribata hazırlaşır və onların təxribata hazırlaşdıqlarının əlamətləri açıqca görünür:
"Biz sadəcə bu təxribatlara cavab verməliyik. Biz siyasi cavabımızla onların təxribatlarının qarşısını almalıyıq. Çünki, bu dəfə onlar bizi Rusiyanın əli vurmağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB