ATƏT-in Bakı ofisi Azərbaycanda mülkiyyət hüquqlarına dair müzakirələr təşkil edir
ATƏT-in dəstəyi ilə Azərbaycanda mülkiyyət hüquqları mövzusunda dəyirmi masa müzakirələrinə başlanılıb. Ofisdən SİA-ya verilən xəbərə görə, müzakirələr zamanı əsas diqqət mülkiyyətin qeydiyyata alınması, mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi və həmçinin mülkiyyətlə bağlı digər məsələlərə yönələcək. Tədbir ATƏT ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı ilə təşkil olunub. Belə ki, görüş hökumət, parlament, dövlətlərarası təşkilatların nümayəndələri və həmçinin hakimlər, Ombudsman, Vəkillər Kollegiyasının üzvləri və mülkiyyət hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib.
Onlar mövcud qanunvericiliyin təkmilləşdirilə biləcək hissələrini və həmçinin, məhkəmə çəkişmələri də daxil olmaqla, bu sahədə hüquqi mübahisələrin həlli üçün mövcud olan müxtəlif bərpa vasitələrini nəzərdən keçirəcək. İştirakçılar həmçinin Almaniya və Gürcüstan təcrübəsinə də müraciət edəcək.
Tədbiri giriş sözü ilə açan ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Melissa Stoun keçirilən dəyirmi masanın mülkiyyət hüquqlarının müdafiəsi sahəsində daha da inkişaf etdirilə biləcək istiqamətlərin müəyyən edilməsi məqsədilə ATƏT-in Bakı Ofisinin Azərbaycanda müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti ilə apardığı müzakirələrin bir hissəsi olduğunu vurğulayıb.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə Qanunvericiliyin inkişafı sahəsində aparılan islahatlar dinamik bir prosesdir və bu islahatlar prosesi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyalara uyğun olaraq aparıldığını deyib: "Eyni zamanda qanunların tətbiqi sahəsində meydana gələn problemlər, məhkəmə təcrübəsi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi öyrənilərək qanunvericiliyin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətə əlavə olunur".
Qeyd edək ki, ATƏT-in Bakı Ofisi 2008-ci ildə "Azərbaycan Respublikasında Daşınmaz Əmlak" adlı monitorinq hesabatının hazırlanmasına dəstək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB